Qalatasaray” ulduzlarını Bakıya gətirəcək?



“Qarabağ” martın 26-da Türkiyənin “Qalatasaray” klubuna qarşı yoldaşlıq oyunu keçirəcək.

Bakmiltv. İnfo xəbər verir ki, matç milli komandaların oyunları ilə bağlı yaranacaq fasilədə təşkil olunacağından komandaların əsas heyətlə oynayıb-oynamayacağı maraq doğurur. Azərbaycan yığmasının əsasını “Qarabağ”ın üzvləri təşkil etdiyindən Ağdam klubunda bir çox vacib oyunçunun olmayacağı demək olar ki, dəqiqdir. Legionerlərdən isə Marko Yankoviç və Marko Veşoviç Monteneqro millisinin daimi üzvləridir və böyük ehtimalla yenə dəvət alacaqlar. Ancaq digər əcnəbilər sırada olacaqlar. Adama Diakabi də həmin oyuna qədər zədəsini sağaldacaq.

Bəs “Qalatasaray” Bakıya ulduzlarını gətirəcəkmi?

İstandul klubunun da bir çox futbolçusu milli komandalarına dəvət alacaq. Ancaq Fernando Muslera, Saça Boy, Serjio Oliveyra, Dris Mertens, Nikolo Zaniolo, Mauro İkardi kimi ulduzlar ölkələrinin yığmasına çağırılmırlar və onların paytaxtımıza gəlməsi üçün hər hansı əngəl yoxdur. Başqa bir problem çıxmasa, azarkeşlər adıçəkilən futbolçuların oyununu canlı izləyə biləcəklər.

“Qarabağ” - “Qalatasaray” qarşılaşması Bakı Olimpiya Stadionunda təşkil olunacaq. Rəsmi açıqlama verilməsə də, matçın 26 mart saat 20:00-da start götürəcəyi məlumdur. Görüşdən əldə ediləcək məbləğ Türkiyədə zəlzələdən əziyyət çəkənlərə yardım fonduna köçürüləcək.

Faiq Tahirov

Hiç yorum yok:

Yorum Gönder

Pages