“Xalqımıza qarşı 1918-ci ildə törədilən Mart soyqırımı kimi faciəli tariximizin sovet dönəmində və ermənilər tərəfindən saxtalaşdırılması və ört-basdır edilməsini təkcə tarixi bir anın unudulması kimi qəbul etmək olmaz. Bu, xalqımıza qarşı düşmən münasibət bəsləyən erməni xislətinin gizlədilməsi idi. Bu isə özlüyündə XX əsr tariximizdə yeni-yeni qanlı səhifələrin açılmasına gətirib çıxartdı”.
Bu sözləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı, tarix elmləri doktoru, professor Anar İsgəndərov 31 Mart soyqırımı ilə bağlı tarixi faktlardan bəhs edərkən deyib.
Xatırladaq ki, 1918-ci ilin Mart soyqırımı zamanı Bakı şəhərində minlərlə türk, müsəlman öldürülüb. Onların əksəriyyətinin meyitləri tapılmayıb. Bakı şəhər əhalisinin əmlakları müsadirə olunub. Bir çox ziyarətgahlar və tarixi abidələr dağıdılıb, yerlə bir edilib. Qətliam Azərbaycanın, demək olar ki, bütün ərazilərində həyata keçirilib.
Deputatın sözlərinə görə, 1918-ci ilin mart-aprelində Şamaxı şəhəri və qəzası dəhşətli talan və vəhşiliklərə məruz qalıb:
“Şamaxının müsəlmanlar yaşayan hissəsinin hamısına od vurulmuşdu. 13 məhəllə məscidi və məşhur Cümə məscidi yandırılmışdı. Şamaxı şəhəri ilə yanaşı, Şamaxı qəzasının 53 kəndində minlərlə azərbaycanlı qətlə yetirilmişdi. Daşnaklar təkcə Quba, Qusar və Xaçmaz ərazisində 26 məscidi yandırmışdılar.
1918-ci ilin ilk beş ayı ərzində Quba qəzasında üst-üstə mindən çox insan məhv edilib. 1918-ci ilin qırğınları zamanı daşnak-bolşevik birləşmələri Quba qəzasında 162 kəndi dağıdıblar və bunlardan 35-i hazırda mövcud deyil. Hesab edirəm ki, Azərbaycan xalqına qarşı ən böyük cinayət 1918-ci ilin Mart soyqırımıdır”.
Professor qeyd edib ki, 1918-20-ci illərdə erməni vəhşiliklərindən ən çox ziyan çəkən Azərbaycan bölgələrindən biri də Zəngəzur qəzası olub:
“Erməni silahlı dəstələri tərəfindən Zəngəzur qəzasının 100-dən çox müsəlman kəndi dağıdılıb. 1918-20-ci illərdə Andranikin silahlı dəstəsi tərəfindən azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı nəticəsində Qərbi Azərbaycan torpaqlarında təxminən yüz mindən çox türk-müsəlman öz dədə-baba torpaqlarından qovulub, didərgin salınıb və qətlə yetirilib. 1918-ci ildə İrəvan quberniyasında 211, Qars vilayətində 92 Azərbaycan kəndi dağıdılıb, talan edilib”.
A.İsgəndərov əlavə edib ki, 20 faiz torpaq itkisi erməni məkrinin, ən əsası isə Mart soyqırımının unudulmasının bilavasitə nəticəsidir:“2020-ci il 44 günlük Vətən müharibəsinə qədər Azərbaycanın ən ağır probleminə və xalqın ən ağır dərdinə çevrilən Qarabağ məsələsinin əsası XX əsrin əvvəllərində qoyulmuşdu. 1990-cı ilin 20 Yanvar faciəsi, 1992-ci ilin fevralında Xocalı soyqırımı, 1992-ci ildən başlayaraq Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilanın, ümumiyyətlə 20 faiz torpaq itkisi erməni məkrinin, ən əsası isə Mart soyqırımının unudulmasının bilavasitə nəticəsidir.
Bugünkü vəzifəmiz o qara günləri yaddan çıxarmamaqdır və buna görə də həmişə və hər an hər şeyə hazır olmalıyıq. Borcumuz bu Vətəni gələcəkdə hər cür təcavüzdən qorumaq və məmləkətimizi şərəflə yaşatmağa çalışmaqdır. Düşmənin əsrlər boyu türk-müsəlman əhalisinə qarşı həyata keçirdiyi soyqırımı siyasəti cavabsız qalmadı. Tarixdən ibrət götürən Azərbaycan xalqı heç bir zaman öz əzəli torpaqlarının düşmənin əsarətində qalması faktı ilə barışa bilməzdi və barışmadı.
2020-ci ilin sentyabrında müzəffər Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında Qarabağı düşmən işğalından azad etdi. Tarixə 44 günlük Vətən müharibəsi kimi daxil olan bu zəfər düşmən işğalında olan torpaqlarımızın azad edilməsi və şəhidlərimizin intiqamının alınması ilə nəticələndi. Dövlət başçısı İlham Əliyevin dediyi kimi, gələcəkdə Ermənistanla qonşuluq münasibətləri bərpa oluna bilər, amma ermənilərin uzun illər xalqımıza qarşı həyata keçirdiyi qeyri-insani hərəkətləri heç vaxt unutmaq olmaz”.
Nəzrin Vahid
Hiç yorum yok:
Yorum Gönder