Təbrikdə deyilir: "Əziz xanımlar! Sizi, Azərbaycan qadınlarını 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm, hər birinizə can sağlığı, ailə səadəti və işlərinizdə müvəfəqiyyətlər arzulayıram.
1917-ci ildən başlayaraq Azərbaycanda qadınlar həyatımızın bütün sahələrində öz fəallıqları ilə fərqlənməyə başlayıblar. Bu gün onlar hətta cəmiyyətin ən yüksək pillələrində belə təmsil olunurlar.
Qadınlarımız 1918/20-ci illərdə Şərqdə ilk demokratik respublika olan, Azərbaycan Xalq Cümhuriyyəti dövründə seçib-seçilmək hüququ qazanmış və ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak etməyə başlamışlar.
Azərbaycan qadınları bütün dövrlərdə olduğu kimi son iki əsrdə də çox böyük iz qoymuşlar.Təkcə ötən əsrdə xalqımız onu hər yerdə ləyaqətlə təmsil edən neçə-neçə qadın siyasi xadimlər, şairələr, bəstəkarlar, alimlər, filosoflar, hərbiçilər yetirib. Milli mücadilədə maariflənərək, qadınlarımız ana dilimizin, mədəniyyətimizin və mənəviyyatımızın ən etibarlı dayağı olmuşlar.
Xalqımızın yadelli işğalçılara qarşı apardıqları bir çox tarixi müharibələrdə qadınlarımız hərbiçi əsgərlərimizlə bir səngərdə döyüşməklə, heç də geri qalmadıqlarını dəfələrlə sübut etmişlər.
Azərbaycan qadını bu gün də cəmiyyətimizin aparıcı qüvvələrindən biri kimi fədakarcasına fəaliyyət göstərir.
Ötən əsrin sonlarından başlayaraq otuz il müddətində cəlb olunduğumuz və ötən ilin noyabr ayında Xalqımızın, Rəşadətli Milli Ordumuzun -Azərbaycanımızın qələbəsi ilə başa çatan Vətən müharibəsində qadınlarımız da kişilərlə bərabər düşmənə qarşı mübarizədə nəyə qadir olduqlarını məharətlə sübut etmişlər.
Bu müddətdə öz övladlarını vətənimizin ərazi bütövlüyü uğrunda qəhrəmanlıqlar göstərməyə, bu yolda lazım gələrsə canını belə əsirgəməməyə ruhlandıran qadınlarımız həm də sonsuz minnətdarlığa layiq qəhrəman ana olduqlarını bir daha sübut etdilər.
Ötən əsrin əvvəllərində olduğu kimi möhkəm iradəyə malik Azərbaycan qadınları, bu gün də ölkəmizin işğal edilmiş ərazilərinin işğaldan azad edilməsi uğrunda Azərbaycan Vətən Müharibəsində canlarını fəda etmiş qəhrəman övladlarımızın - şəhidlərimizin, sağlamlığını itirmiş qazi hərbçilərimizin, əsgərlərimizin anaları, bacıları və həyat yoldaşları, Vətənimiz üçün layiqli övladlar böyütməklə fədakarlıq nümunəsi göstərməkdə davam edirlər.
Müxtəlif dövrlərdə xalqımızın apardığı mübarizələrdə fərqlənən yüzlərlə vətənpərvər qadınlarımız bir çox yüksək orden və medallara layiq görülüb, onların adları qəhrəmanlıq tariximizin səhifələrinə qızıl hərflərlə yazılıb. Mərd, kişi qeyrətli qadınlarımızın işıqlı xatirəsi xalqımızın qəlbində əbədi yaşayır.
Hesab edirəm ki, Azərbaycan qadınları övladlarımızın, gənclərimizin, milli adət-ənənələrə bağlılıq ruhunda tərbiyə edilməsində, ölkəmizin demokratikləşdirilməsində, o cümlədən, cəmiyyətdə söz azadlığı, insan özgürlüyü və digər dünyəvi dəyərlər uğrunda aparılan mübarizədə bilik və bacarıqlarını əsirgəməyəcəklər.
Əziz xanımlar, bayramınız mübarək olsun."
Demokratik Birlik Partiyasının sədri: Mirfazil Həmid.
Bakı şəhəri. 08.03.2023-cü il.
Hiç yorum yok:
Yorum Gönder