Azərbaycanda iri pərakəndə ticarət şəbəkələrində çörəyin qiymətində enmə müşahidə edilir. Artıq martın 11-dən etibarən bir sıra ticarət şəbəkələrində 650 qramlıq dairəvi (zavod) çörəyin qiyməti 70 qəpikdən 65 qəpiyə düşüb.
Bəs çörəyin ucuzlaşması hansı faktorlarla əlaqədardır?
Son dövrlərdə dünya bazarlarında, xüsusilə də Azərbaycan üçün əsas idxal bazarları olan Rusiya və Qazaxıstanda ərzaqlıq buğdanın qiyməti ucuzlaşıb. Eyni zamanda beynəlxalq proqnozlara əsasən, bu il buğda istehsalı artacaq. Belə ki, FAO-nun (Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı) Dünya Buğda Bazarı üzrə gözləntilərinə əsasən, 2022/23-cü il mövsümündə qlobal buğda istehsalı 2% artacaq. Bununla yanaşı, Qara dəniz limanlarının fəaliyyətinin (buğda ixracının) qismən bərpası, qlobal istehsalın həcmində gözlənilən artım buğda qiymətlərinə olan təzyiqi müəyyən qədər azaldıb. Belə ki, ötən ilin iyul ayında İstanbulda BMT, Ukrayna, Türkiyə və Rusiyanın iştirakı ilə imzalanan və sonuncu dəfə 120 gün müddətinə uzadılan “Taxıl saziş”inin daha 60 gün prolonqasiya olunması razılaşdırılıb. Bu, taxıl bazarının perspektivinə dair nikbin proqnozun formalaşmasında mühüm rol oynayır.
Unun qiymətinin düşməsi çörəyin ucuzlaşması ilə müşahidə olunur.
Ötən ay Azərbaycana xaricdən gətirilən ərzaqlıq buğdanın orta aylıq idxal dəyəri 307,4 ABŞ dolları təşkil edib ki, bu da 2022-ci ilin avqust ayı (354,4 ABŞ dolları) ilə müqayisədə 13% aşağıdır. Bu, Azərbaycanda unun topdansatış qiymətinin də enməsi ilə müşahidə edilib. Belə ki, hazırda 50 kiloqramlıq bir kisə unun topdansatış qiyməti 35,5 manat – 37,2 manat təşkil edir. Halbuki, 2022-ci ilin avqust ayında bu göstərici 40,7 manat – 41,5 manat olub. Tələb-təklif prinsipinə uyğun olaraq daxili bazarda unun topdansatış qiymətinin düşməsi öz növbəsində çörəyin qiymətinə də birbaşa təsir edib.
Qeyd etmək lazımdır ki, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışının 2017-ci il yanvarın 1-dən yeddi il müddətinə ƏDV-dən azad edilməsi bazarda istehlakçılar üçün əlverişli qiymətlərin formalaşması üçün əlavə şərait yaradır.
“Report” İnformasiya Agentliyi
Hiç yorum yok:
Yorum Gönder