Xalq artisti: “Qərar verildi, bundan sonra aktyorun cənazəsi teatrın səhnəsindən götürüləcək”



“Bundan sonra vəfat edən aktyor işlədiyi teatrın səhnəsindən götürüləcək”.

Bunu “Qaynarinfo”ya açıqlamasında Xalq artisti Əli Nur deyib. Aktyor bununla bağlı Prezidentin qərarı olduğunu açıqlayıb:

“Azərbaycan dövləti aktyorlara qayğı və diqqətini artırdı, aktyorların ev, maaşla təmin olunmasına start verildi, eyni zamanda dünyasını dəyişən aktyorların işlədiyi teatrın səhnəsindən götürülməsi qərarı verildi. Teatrlara dövlətin böyük qayğısı olacaq. Bütünlüklə bu məsuliyyəti dövlət üzərinə götürdü. Bundan sonra aktyorlar dünyalarını dəyişəndə səhnədən götürüləcəklər”. 

Xalq artisti onu televiziya kanalına verdiyi müsahibəyə görə qınayanlara belə cavab verib:

“Fevralın 21-də Xalq artisti Ramiz Novruzun dəfnində bizə cənazənin saat 14:00-da qaldırılacağını bildirmişdilər. Biz tədbirə tez getdik, adamlar var idi, amma dövlət adamlarından heç kim yox idi. Mədəniyyət Nazirliyinin nümayəndələri ora gec gəldilər. O vaxta kimi jurnalistlər əl çəkmədi, mən də müsahibə verəndə fikrimi dedim. Fikrimi demişəm, bundan sonra da deyəcəyəm. Həmişə teatrı və aktyorları müdafiə eləmişəm. 

Mənim çıxışımın teatra böyük xeyri oldu. İstədiyim də elə bu idi. Hamı bilir ki, mən sözü elə-belə demirəm. Bunu məni tanıyanlar yaxşı bilir. Hünəriniz varsa, siz də fikir bildirin. Sizi teatr maraqlandırır? Əllərindən bir iş gəlməyən çərənçilər ancaq hürməyi bacarır. Onlar hürür, iş ondadır ki, mən iş görürəm və incəsənətin xeyrinə nəyəsə nail oluram. Küçədə insanlar məni görəndə maşından düşüb mənim əlimi öpülər...İndi mənim ayağımın tozu olmayanlar çaqqal kimi ulaşır... Mənim çalışdığım bu idi, aktyorun haqqı tanınsın. Buna da nail oldum”. 

Qeyd edək ki, Xalq artisti Ramiz Novruz uzun sürən xəstəlikdən sonra fevralın 21-də dünyasını dəyişib. Aktyorla Akademik Milli Dram Teatrında vida mərasiminin keçirilməməsi cəmiyyətdə böyük narazılığa səbəb olub.

Hiç yorum yok:

Yorum Gönder

Pages