Azərbaycanda uşaq evində böyüyən və iki üçəm qızı olan şəxsin ünvanlı sosial yardım ala bilmədiyi iddia edilib.
Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdilinin Oxu.Az-a açıqlamasında bildirib ki, Nihad Məmmədovun ünvanlı sosial yardımla bağlı elektron sistemə müraciəti daxil olmayıb:
“Vətəndaşla telefon əlaqəsi yaradılaraq, ailənin ünvanlı sosial yardım hüququnun müəyyən olunması üçün ona suallar verilib. Məlum olub ki, ailə cəmi 4 nəfərdən (özü, həyat yoldaşı, iki və 11 yaşında övladları) ibarətdir.
Nihad Məmmədov və həyat yoldaşı əmək qabiliyyətli olsalar da, işləmirlər. Vətəndaşa ünvanlı sosial yardımla bağlı qanunvericilik izah edilib. Eyni zamanda, əmək qabiliyyətli ailə üzvlərindən biri səkkiz yaşına çatmamış uşağa qulluq edən şəxs kimi qeyd olunmaqla, digərinin məşğulluğu həll edildikdən sonra ünvanlı sosial yardım üçün müraciət etməsi tövsiyə olunub”.
R.Mehdili əlavə edib ki, N.Məmmədov 2020-ci ilin mayın 18-də işaxtaran kimi qeydiyyata alınıb:
“2023-cü ilin fevralın 15-də və 21-də o, məşğulluq filialında qəbul edilib. Vətəndaşa iki müxtəlif şirkətdə mühafizəçi və süfrəçi vəzifəsi üzrə iş təklif olunub. Lakin o, bu təkliflərdən imtina edib”.
Hiç yorum yok:
Yorum Gönder