Türkiyənin Adıyaman vilayətində Azərbaycan Koordinasiya Mərkəzi qurulub



Türkiyədə baş verən zəlzələdə ən çox dağıntıya məruz qalan bölgələrdən biri olan Adıyaman şəhərində Azərbaycanın Koordinasiya Mərkəzi qurulub.

Bu barədə “Report”un Adıyamana ezam olunmuş əməkdaşına açıqlamasında Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçilər Birliyinin (TÜİB) sədri Hüseyn Büyükfırat bildirib.

TÜİB rəhbəri deyib ki, Azərbaycanda olan iş adamlarının, qeyri-hökumət təşkilatlarının dəstəyi və Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçının nəzarəti ilə Türkiyəyə göndərilən yardımlar Adıyamanda bu mərkəzdən idarə olunacaq:

“Qardaş köməyi” və “Türkiyə 100 ili” adlı platformalarda iştirak edən iş adamlarının dəstəyi ilə biz Azərbaycandan Adıyamana gələn TIR-ları bu mərkəzdən yönləndirilməyi təklif etdik”.

Təklifin Adıyaman valisi Mahmut Çuhadar tərəfindən dəstəkləndiyini bildirən Hüseyn Böyükfırat qeyd edib ki, Koordinasiya Mərkəzi Adıyaman Gənclik Mərkəzinin həyətyanı sahəsində qurulub. Eləcə də təklif Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Adıyamandakı təbii fəlakət problemlərinə nəzarətə təhkim etdiyi Türkiyənin ticarət naziri Mehmet Muş və nəqliyyat infrastruktur naziri Adil Karaismailoğlu tərəfindən də təqdir olunub.

TÜİB rəhbəri vurğulayıb ki, Türkiyəyə gələn yardımların düzgün şəkildə idarə olunması və tələbat olan yerlərə vaxtında çatdırılması məsələsində Azərbaycan Koordinasiya Mərkəzi ən yaxşı nümunə ola bilər və bu nümunəni ölkədə digər zəlzələ bölgələrinə də tətbiq etmək mümkündür:

“Bundan öncə də 1999-cu ildə Türkiyədə mərkəzi Düzcə olan zəlzələdə mən bir iş adamı olaraq dəstək verdiyim üçün, zəlzələ vaxtı ən önəmli məsələnin koordinasiya olduğunu bilirəm. Türkiyənin budəfəki ağır günlərində də bu problemi müşahidə etdim. Zəlzələ baş verdiyi ilk gündən Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə dövlət tərəfindən, həm də xalqın istəyi ilə edilən qardaş dəstəyi Türkiyə dövləti və xalqı tərəfindən çox səmimiyyətlə qarşılandı. Bu, bizim birliyimizi daha da mökəmləndirdi. Lakin həm ölkə daxilində, həm də Azərbaycandan, eləcə də dünyanın hər tərəfindən zərərçəkənlərə verilən bu dəstəyin koordinasiyalı şəkildə idarə olunması çox vacibdir. Odur ki, biz Azərbaycanın belə bir koordinasiya mərkəzini qurmaqla gələn yardımların düzgün, vaxtında yönləndirilməsi baxımından ən yaxşı nümunə yarada bilərik”.

Hazırda zəlzələdən zərəçəkənlərə dəstək məqsədilə fəlakət bölgələrində olan könüllülərin də koordinasiya olunmasında problemlərin yaşandığını deyən TÜİB rəhbəri onu da əlavə edib ki, koordinasiya mərkəzində qurulan müvəqqəti çadırlarda könüllülərin də gecələməsi üçün şərait yaradılacaq.

Qeyd edək ki, Adıyaman valiliyi xüsusilə Azərbaycandan təbii fəlakət zonasına gətirilən konteynerlərin quraşdırılması üçün sahə ayırıb.

Hüseyn Büyükfırat “Report”un əməkdaşına söyləyib ki, ayrılan sahədə min konteynerin quraşdırılması mümkündür:

“Hazırda Azərbaycandan gələn 200 konteyneri ərazidə quraşdırmağı planlaşdırırq. Bir neçə konteyner artıq quraşdırılıb və Azərbaycandan olan iş adamları ilə bu barədə danışıqlar aparırıq. Azərbaycanın həm Koordinasiya Mərkəzi, həm də ayrılan sahədə konteynerləri fəaliyyət göstərəcək. Mənim Adıyamanda 60, Şanlıurfada 3 qohumum zəlzələ nəticəsində həyatını itirib. İnsanlar sarsıntı içərisindədir. Qurulan çadırlarda müvəqqəti sığınacaq alsalar da, digər vacib ehtiyaclarını qarşılamaq üçün sosial təsisatın ən qısa zamanda qurulması çox vacibdir. Odur ki, biz Koordinasiya Mərkəzində bu məsələlərin qısa zamanda təşkilinə nəzarət etməyi nəzərdə tutmuşuq”.

Hiç yorum yok:

Yorum Gönder

Pages