Azərbaycan Premyer Liqasında XXI tura yekun vurulub.
“Report”un məlumatına görə, turun son matçında “Sabah” və “Səbail” komandaları üz-üzə gəliblər.
Ölkə kubokunun 1/4 final mərhələsində rəqibinə məğlub olaraq mübarizəni dayandıran “Sabah” bunun revanşını böyükhesablı qələbə ilə alıb. Murad Musayevin kollektivi matçın taleyini birinci hissədə həll edib. Coy Lens Mikels 4-cü dəqiqədə, Davit Volkov isə 10-cu və 31-ci dəqiqələrdə fərqlənib. Qarşılaşmanın 68-ci dəqiqəsində “Sabah”ın ispaniyalı müdafiəçisi Con İrasabal qırmızı vərəqə ilə cəzalandırılıb. 79-cu dəqiqədə isə qonaq komandanın kapitanı Rahid Əmirquliyev meydandan qovulub.
İkinci hissədə rəqib qapısına daha bir dəfə yol tapan “Sabah” meydanı 4:0 hesablı qalibiyyətlə tərk edib. Son nöqtəni 83-cü dəqiqədə Emmanuel Apeh qoyub.
Bu nəticə ilə turnir cədvəlinin ikinci pilləsində qərarlaşan “Sabah” xallarının sayını 52-yə çatdırıb. Sonuncu yerdə gedən “Səbail”in isə aktivində 13 xal var.
Turun digər oyunlarında “Kəpəz” “Qarabağ”la (1:1), “Zirə” “Qəbələ” ilə (2:2) heç-heçə edib, “Neftçi” “Sumqayıt”ı öz meydanında (2:0), “Turan Tovuz” isə “Şamaxı”nı səfərdə (1:0) məğlub edib.
Qeyd edək ki, Premyer Liqada XXII turun oyunları fevralın 10-12-si aralığında keçiriləcək.
Hiç yorum yok:
Yorum Gönder