Gənclər, tələbə və könüllü təşkilatları Xocalı soyqırımı ilə bağlı beynəlxalq təşkilatlara müraciət ünvanlayıb



31 il öncə dinc əhalinin, o cümlədən uşaqların, qadınların və ahılların kütləvi şəkildə qətlə yetirilməsi ilə nəticələnmiş Xocalı soyqırımı ilə əlaqədar gənclər, tələbə və könüllü təşkilatları beynəlxalq ictimaiyyətə müraciət ünvanlayıblar.

Müraciətdə beynəlxalq ictimaiyyətin diqqəti Xocalı soyqırımı ilə bağlı faktlara cəlb edilərək çoxsaylı müstəqil beynəlxalq mənbələrə əsasən, bu soyqırımı aktının 30 ilə yaxın davam etmiş Ermənistan-Azərbaycan münaqişəsi zamanı törədilmiş ən dəhşətli və ağır hərbi cinayət olduğu qeyd edilib.

Eyni zamanda, bəşəriyyətə qarşı yönəlmiş bu hərbi cinayətin Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalı və həmin ərazilərdə yaşayan azərbaycanlı əhalinin etnik təmizləməyə məruz qalması ilə nəticələnən məqsədyönlü siyasətin tərkib hissəsi olduğu vurğulanıb.

Müraciətdə qeyd edilib ki, münaqişə 2020-ci ildə Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi ilə başa çatsa da, xalqımız hələ də Xocalıdakı faciənin səbəb olduğu ağrı-acını ürəyində yaşadır və bununla əlaqədar, davamlı sülhün bərqərar olması və gələcəkdə dünyanın istənilən yerində belə cinayətlərin bir daha təkrarlanmaması üçün Xocalı soyqırımını törədənlərin ədalət mühakiməsinə çıxarılmasını tələb edir.

Bununla yanaşı, Xocalı soyqırımını tanımış ölkələrə, bu cinayətin qurbanlarının kədərinə göz yummayan beynəlxalq təşkilatlara və media orqanlarına təşəkkür ifadə edilərək, Ermənistan tərəfinin öz məsuliyyətini tezliklə anlaması və bu hərbi cinayəti törədənləri məsuliyyətə cəlb etmək istiqamətində əməli tədbirlər görməsinin qaçılmaz olduğu vurğulanıb.

Hiç yorum yok:

Yorum Gönder

Pages