Ermənistanın vəhşiliklərini sübut edən dəlillər, məzarlıqlar - RƏQƏMLƏR



Ermənistan Azərbaycana qarşı törətdiyi müharibə cinayətlərinin üstünün açılmasını istəmir.

Halbuki faktlar hərtərəfli açıqlanmalı, İrəvan mütləq qaydada beynəlxalq cəza orqanlarının mühakiməsinə verilməlidir.

Bu hüquqdur, lakin təəssüflər olsun ki, beynəlxalq ictimaiyyət Ermənistanın cəzasız qalmasına tərəfdar çıxır.

Ermənistan Birinci Qarabağ müharibəsi dövründə azərbaycanlı əsirlərə və girovlara işgəncələr verib, onları öldürərək kütləvi məzarlıqlarda basdırıb.

Vətən müharibəsindən sonra, 2020-ci ilin sonunda işğaldan azad edilmiş Azərbaycan ərazilərində Ermənistan tərəfindən beynəlxalq hüququn kobud və sistemli şəkildə pozulmasının inandırıcı sübutları aşkar edilib.

Bunun davamı kimi 2021-ci ilin fevralından 2022-ci ilin noyabrına qədər işğaldan azad edilmiş ərazilərdəki kütləvi məzarlıqlarda təxminən 118 nəfərin qalıqları tapılıb.

Bu insan qalıqları Azərbaycanın mülki əhalisinin və beynəlxalq humanitar hüquqla qorunan digər şəxslərin qəsdən öldürülməsini sübut edir. Kəlbəcər rayonunun Başlıbel kəndi yaxınlığındakı dağ mağarasında aşkar edilmiş kütləvi məzarlıq göstərib ki, Ermənistan silahlı qüvvələri mağarada gizlənən kənd sakinlərini birbaşa atəşə tutub, onlardan azı 12 nəfəri, o cümlədən 2 uşaq və 5 qoca həlak olub.

Xocalı rayonunun Fərrux kəndindəki kütləvi məzarlıqda da uşaq və qadın qalıqları tapılıb.

Daha bir qəddarlığın sübutu Xocavənd rayonunun Edilli kəndində aşkar edilmiş, əl-ayaqları məftil və kəndirlə bağlanmış onlarla azərbaycanlının qalıqlarının olduğu kütləvi məzarlıqdır. Bu da onların qısa müddət ərzində öldürülməsindən xəbər verir.

Azərbaycanın işğaldan azad edilmiş digər rayonlarında da kütləvi məzarlıqlar tapılıb.

Onu da xatırlatmaq yerinə düşər ki, əvvəllər Ermənistanda saxlanılan və daha sonra Azərbaycana qaytarılan bütün əsir və mülki şəxslər məhkəmə tibbi ekspertizasından keçirilib və saxlanma şəraitləri barədə sorğu ediliblər. 

Mütəxəssis rəyləri, şəxsi ifadələr və digər materiallar məhbusların böyük əksəriyyətinin fiziki işgəncə və qeyri-insani rəftara məruz qaldıqlarını təsdiqləyib. 

Qeyd edək ki, Birinci Qarabağ müharibəsi nəticəsində 3890 azərbaycanlı itkin düşüb və onların taleyi hələ də məlum deyil. 

İtkin düşənlərin 3171-i hərbçi, 719 mülki şəxsdir (o cümlədən 71 uşaq, 267 qadın, 326 yaşlı).

Müəyyən edilib ki, 872 nəfər (605 hərbi qulluqçu və 267 mülki şəxs, o cümlədən 29 uşaq, 98 qadın və 112 qoca) əsir və ya girov götürülüb. Sonuncu dəfə bəzilərinin əsirlikdə sağ olduqları məlum olsa da, onların sonrakı taleyi haqqında heç bir məlumat yoxdur.

Həmçinin, onlarla azərbaycanlı əsir Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələrinin onlara baş çəkməsindən sonra da erməni əsirliyində ölüb və ya itkin düşüb.

Bu barədə məlumatlar Azərbaycanın BMT-dəki daimi nümayəndəliyinin rəhbəri Yaşar Əliyevin təşkilatın Baş katibi Antonio Quterreşə ünvanladığı məktubda yer alıb.

Həmin məktub Baş Assambleya və Təhlükəsizlik Şurasının sənədi kimi yayımlanıb.

“Təkcə 2022-ci ildə Ermənistan Azərbaycana 106 nəfərin qarışıq qalıqları olan 67 torba təhvil verib. Ermənistanın bütün əxlaqi prinsiplərə zidd olaraq, beynəlxalq humanitar hüququ pozaraq, insanların öz yaxınlarının taleyi haqqında bilmək hüququna açıq şəkildə məhəl qoymadan bu qalıqları otuz il ərzində saxlaması dərin hiddətə səbəb olmaya bilməz”, - deyə məktubda qeyd edilib.

Onu da bildirək ki, Azərbaycanlı keçmiş əsirlərdən 1480 nəfərinin şahid ifadələrinə görə, onlar işgəncə görüb, pis rəftara məruz qalıb və alçaldıcı şəraitdə saxlanılıblar.

Bu fakt 1949-cu il Cenevrə Konvensiyaları da daxil olmaqla, beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır.

Azərbaycan əsirləri və saxlanılan şəxslərə qarşı alçaldıcı rəftar və işgəncə etdiyi sübuta yetirilən 35 nəfər barəsində cinayət işi açıb. Məsuliyyət daşıyan şəxslərin adları İnterpola təqdim edilib. 

Bildirək ki, Ermənistan 30 ilə yaxın müharibə və işğal dövründə itkin düşənlər haqqında məlumat verməkdən və onların taleyini öyrənmək üçün araşdırma aparmaqdan imtina edib.

Azərbaycan tərəfi dəfələrlə kütləvi məzarlıqlarla bağlı məsələni müxtəlif platformalarda dilə gətirib.

Ancaq Ermənistan üzərinə düşən məsuliyyətdən qaçmağa davam edir.

Hiç yorum yok:

Yorum Gönder

Pages