“İran hökuməti Tehrandakı səfirliyimizə qarşı törədilmiş terrora görə Azərbaycandan üzr istəməli, bu teraktı törədənlərin cəzalandırılmasını təmin etməlidir. Amma İran öz addımları ilə göstərir ki, istintaqın gedişatı və nəticələri ilə bağlı Azərbaycana hər hansı yeni bir açıqlama vermək istəmir”.
Bu sözləri Oxu.Az-a şərhində Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Azər Badamov deyib. Deputat xatırladıb ki, İran polisi səfirliyimizə silahlı basqından dərhal sonra törədilmiş terrorun mahiyyətini dəyişməyə çalışıb:
“Əvvəlcə silahlı basqının məişət zəminində baş verdiyini bildirdilər. Yaydıqları məlumatın gülüş obyektinə çevrildiyini gördükdən və buna heç kimin inanmadığına əmin olduqdan sonra isə yeni heç bir açıqlamanın şahidi olmadıq. Yəni İranın başqa açıqlaya biləcəyi bir məqam, əsas yoxdur. Çünki səfirliyimizin təhlükəsizlik kameralarında hadisə bütün detalları ilə qeydə alınmışdı. Göründüyü kimi, terrorçu mühafizəçi polisə əli ilə işarə edərək, “buradan get” deyir. Polis isə onun komandasını alandan sonra sakitcə öz postundan uzaqlaşır və silahlı basqına qarşı heç bir tədbir görülmür. Ancaq əməkdaşımız tərəfindən terrorçu zərərsizləşdirildikdən sonra İran polisləri gəlib şou yaradırlar. Bütün bu məsələlər o deməkdir ki, səfirliyimizə edilmiş silahlı basqın qabaqcadan planlaşdırılmışdı və təşkilatçılar öz niyyətlərinə çata bilmədilər”.
Dövlətimizin ali səviyyədə İran dövlətindən silahlı basqını ciddi araşdırmağı tələb etdiyini vurğulayan Azər Badamov bildirib ki, Azərbaycan teraktın təşkilatçılarının üzə çıxarılıb, cəzalandırılmasını, ölkəmizin bu barədə məlumatlandırılmasını istəyir:
“Qeyd etmək istəyirəm ki, İranın molla rejimi səfirliklərə qarşı terror və təxribatların törədilməsində təcrübəyə malikdir. Belə hadisələr Rusiya, İngiltərə, Birləşmiş Ərəb Əmirlikləri, ABŞ səfirliklərinə qarşı da törədilmişdi. Azərbaycan səfirliyi də təəssüf ki, İranın xüsusi xidmət orqanlarının təşkil etdiyi terrorun növbəti məkanı oldu.
Diplomatik nümayəndəliklərin təhlükəsizliyinin təmin olunmasına İran dövlətinin zəmanət verməməsi, hesab edirəm ki, digər ölkələri də öz səfirliklərinin taleyi ilə bağlı düşündürməlidir. Çünki terrorun növbəti məkanı başqa bir ölkənin səfirliyi ola bilər”.
Bütün bunların fonunda İranın Azərbaycandakı səfirliyinin öz ölkələrində milli bayram hesab olunan inqilabın ildönümü ilə bağlı tədbir keçirmək niyyətini xatırladan deputat rəsmi Tehranın bu addımının yersiz olduğunu söyləyib:
“Azərbaycan səfirliyinin əməkdaşının şəhid edildiyi bir vaxtda belə bir bayram tədbirinin müsbət qarşılanması mümkün deyil. İran tərəfi Azərbaycanla münasibətlərini normallaşdırmaq istəyirsə, terror aktının ciddi araşdırılması üzrə məsuliyyətini yerinə yetirməlidir. Üstəlik, İran Ermənistanla dostluğunu davam etdirərək regionda sabitliyə təhlükə törədir. Bütün bunların fonunda Azərbaycanın İrana qarşı isti münasibəti mümkün deyil”.
Xatırladaq ki, İranın Azərbaycandakı səfirliyi islam inqilabının qələbəsinin 44-cü ildönümü münasibətilə fevralın 10-u, axşam saatlarında Bakıdakı hotellərin birində rəsmi tədbir keçirməyi planlaşdırmışdı. Hətta bununla bağlı rəsmi qurumlara dəvətnamələr də göndərilmişdi. Ancaq sonradan səfirlikdən tədbirin ləğv edildiyi bildirilib.
Aysel Aslan
Hiç yorum yok:
Yorum Gönder