Azərbaycan qaziləri könüllü şəkildə Türkiyəyə yardıma gediblər - FOTO



Türkiyədə baş vermiş zəlzələ ilə bağlı zərərçəkənlərə kömək məqsədilə Azərbaycandan qardaş ölkəyə iki nəfər qazi könüllü gedib.

“Report”un Türkiyəyə ezam olunmuş əməkdaşının xəbərinə görə, Azərbaycanın Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) keçmiş kəşfiyyatçısı Vüsal Paşazadə və onun dayısı oğlu, Vətən müharibəsi qazisi, XTQ mənsubu olmuş Ruslan Kərimov öz istəkləri ilə qardaş ölkədə təbii fəlakətdən zərərçəkən insanlara yardım göstərirlər.

Aprel döyüşlərinin qazisi, Vətən müharibəsinin könüllü iştirakçısı olmuş hər iki döyüşçü Kahramanmaraşla yanaşı digər şəhərlərdə də zərərçəkmişlərə yardım edirlər.

V.Paşazadə bildirib ki, dayısı oğlu ilə birlikdə evsiz qalan insanlar üçün çadırların qurulmasında yardım göstərirlər:

“Türkiyədə zəlzələ baş verəndən sonra hər bir azərbaycanlı kimi, qardaş ölkəyə gedib könüllü iştirak etmək qərarına gəldik. Çünki televiziyalarda dağıntılar altında qalan insanları görəndə bu, bizə çox təsir edirdi. Biz də buna dözmədik və Ruslanla birlikdə öz şəxsi hesabımıza Kahramanmaraşa yollandıq. İstəyirdik ki, dağıntılar altında qalmış şəxsləri çıxaraq, evsiz insanlara yardım göstərək. Burada əlimizdən gələn köməkliyi edirik. Çadırların qurulmasında yardım göstəririk. Çalışırıq ki, insanlara mənəvi-psixoloji dəstək olaq”.

“Düzdür, axtarış-xilasetmə əməliyyatlarına tam qoşula bilmədik. Hazırda Kahramanmaraşda Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin əməkdaşları axtarış-xilasetmə işlərini davam etdirirlər. Buna görə də hələlik bizə ehtiyac yoxdur. Biz isə insanlara digər yardımlar göstərməyə çalışırıq. Sona qədər də Türkiyədəyik və qardaşlarımıza yardımlarımızı əsirgəməyəcəyik. Vətən müharibəsində Türkiyə bizə necə mənəvi dəstək oldu, biz də bu çətin günlərdə onların yanında olacağıq. Bura könüllü gəlib yardım göstərməyi özümüzə borc bildik”, - deyə V.Paşazadə vurğulayıb.

R.Kərimovun sözlərinə görə, Kahramanmaraşda insanlara bir müddət yardım etdikdən sonra Adıyaman şəhərinə yollanıblar. Orada da zəlzələdən zərərçəkmiş şəxslərə köməklik ediblər.

R.Kərimov qeyd edib ki, evsiz insanlara çadır qurmaqla yanaşı humanitar yardımlar paylayıblar, TIR-lar vasitəsilə gətirilən yardımların boşaldılmasında iştirak ediblər:

“Burada gücümüz nəyə çatırsa, əlimizdən nə gəlirsə, köməklik göstəririk. Hələ Kahramanmaraşdayıq və burada işlər yekunlaşana qədər də qalmaq fikrindəyik. Sona qədər qardaş Türkiyənin yanında olacağıq”.

Qeyd edək ki, Türkiyədə baş verən dağıdıcı zəlzələ ilə bağlı qardaş ölkəyə gedən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) 760 nəfərlik heyəti zəlzələnin fəsadlarının aradan qaldırılması istiqamətində fəaliyyətini davam etdirir.

Azərbaycanın xilasediciləri indiyədək Kahramanmaraş və Hatay bölgələrində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından ümumilikdə 53 nəfəri sağ, 780 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Xatırladaq ki, Türkiyədə baş vermiş zəlzələdən sonra zərərçəkən insanlara kömək məqsədilə qardaş ölkəyə gedən 100 nəfərdən ibarət Azərbaycan könüllüləri Kahramanmaraş şəhərində yerli sakinlərə xidmət göstərirlər.

Bizimlə əlaqə saxlayın

Hiç yorum yok:

Yorum Gönder

Pages