Azərbaycan Ermənistanın hüquq pozuntuları ilə bağlı BMT-ni tədbir görməyə çağırıb



Azərbaycan Ermənistanın hüquq pozuntuları ilə bağlı BMT-ni müvafiq tədbirlər görməyə çağırıb.

Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib.

XİN rəsmisi qeyd edib ki, 30 ilə yaxın dövr ərzində keçmiş münaqişənin siyasi və hüquqi yolla tənzimlənməsi prosesindən, habelə Azərbaycanın bu prosesə sadiqliyindən öz məqsədləri üçün sui-istifadə edən Ermənistan tərəfi həm işğal dövründə, həm 2020-ci il Vətən müharibəsində, həm də post-münaqişə dövründə müxtəlif təxribatlar yolu ilə Azərbaycanın mülki əhalisinə, qadınlara və uşaqlara qarşı ağır müharibə cinayətləri və bəşəriyyət əleyhinə cinayətlərə bərabər ciddi beynəlxalq humanitar hüquq pozuntuları həyata keçirib:

"Ermənistan hərbçilərinin Azərbaycanlı əsirlərin hüquqlarını pozduğu, o cümlədən alçaltma və nalayiq rəftar, onlara qarşı fiziki zor tətbiqi, cəsədlərlə pis rəftar etdikləri barədə çoxsaylı təkzibedilməz faktlar mövcuddur. Xatırladırıq ki, Ermənistan silahlı qüvvələri yalnız bir gecədə 1992-ci ilin 26 fevral tarixində Xocalı şəhərində 613 mülki şəxsi xüsusi qəddarlıqla qətlə yetirib, bu günədək itkin düşmüş və əsirlikdə olmuş 3800-dən yuxarı azərbaycanlının taleyi barədə Ermənistan tərəfindən heç bir məlumat verilməyib. 2020-ci oktyabrında beynəlxalq QHT-lər tərəfindən də sənədləşdirilmiş Azərbaycanın Gəncə, Bərdə, Mingəçevir şəhərlərinin mülki əhalisini raket hücumuna tutaraq insanlıq əleyhinə cinayətlər törədilib.

Ermənistan hökuməti törədilən hərbi cinayətlərin qarşısının alınması və ya törədilmiş cinayətlərə görə aidiyyəti şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində bugünədək heç bir əməli tədbirlər görməyib və görmək niyyətini də bildirməyib. Ermənistan tərəfindən cinayət işlərinin açılmaması bir çox beynəlxalq təşkilatların, Avropa Şurasının xüsusi məruzəçinin hesabatında da qeyd olunub".

"Qeyd edilənlər nəzərə alınaraq, Ermənistanın əsassız iddialar yayaraq beynəlxalq ictimaiyyəti yanıltmaq və öz məsuliyyətini gizlətmək cəhdlərini qətiyyətlə qınayırıq. Ermənistandan beynəlxalq öhdəliklərinə əməl etməyi və çoxsaylı hərbi cinayətlərə görə məsuliyyət daşıyan şəxslərin qanun qarşısında cavab verməsini tələb edir, bu istiqamətdə BMT-nin aidiyyəti qurumlarını müvafiq tədbirlər görməyə çağırırıq", - A.Hacızadə vurğulayıb.

Bizimlə əlaqə saxlayın

Hiç yorum yok:

Yorum Gönder

Pages