“2021-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə bu ilin müvafiq dövründə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,2 faiz, qeyri-ərzaq malları üzrə 3,8 faiz artıb”.
Bu barədə Dövlət Statistika Komitəsindən (DSK) bildirilib.
Məlumatda qeyd olunub ki, 2022-ci ilin yanvar-noyabr aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 51,7 faizi ərzaq məhsullarının, 4,5 faizi içkilər və tütün məmulatlarının, 14,7 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,6 faizi avtomobil benzini və dizel yanacağının, 5 faizi elektrik malları və mebellərin, 2,1 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 15,4 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
Statistik məlumatlar arasında diqqəti daha çox ərzaq məhsullarına xərclənən pullar çəkir. Bu məlumat müzakirələrə səbəb olub. Bir qisim bunun normal, müsbət hal olduğunu bildirib. Digərləri isə tam əksini söyləyiblər.
Bəs görəsən, bu hal, həqiqətən, normaldırmı? Ərzağa çox pulun xərclənməsi nə ilə əlaqədardır?
Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən iqtisadçı-ekspert Rəşad Həsənovun sözlərinə görə, bu, xarakterik bir məsələdir:
“Bu məsələ ilə bağlı bir dəfə kimsə demişdi ki, “Azərbaycan xalqı yeyib-içəndir”. Yəni Azərbaycan üçün xarakterik problemdir. Demək olar ki, əksər hallarda ərzaq məhsulları üzrə xərclər ailə büdcəsinin 50 faizdən çoxunu tutur. İnkişaf etmiş ölkələrin təcrübəsində bu, 20 faiz ətrafında dəyişir. Bu da onu göstərir ki, insanların gəlirləri çox deyil”.
Ekspert qeyd edib ki, xərclərin əsas hissəsinin ərzaq məhsullarına yönəlməsi iqtisadiyyata və digər sahələrə mənfi təsir göstərən faktordur:
“Zəruri xərclər ərzağa yönəldiyi üçün digər sahələrə - məsələn, səhiyyəyə və təhsilə - vəsait ayırmaq imkanı məhdudlaşır. Bu da inkişafa mənfi təsir göstərir. Həmçinin insanların yığım imkanı da məhdudlaşır.
Təsəvvür edin ki, insanlar gəlirlərini yalnız qidalanmaya, ərzağa xərcləməsələr, yığım imkanları daha geniş olacaq. Yığım nə qədər artırsa, dolayısı ilə özü-özlüyündə investisiya imkanlarını genişləndirir. İnvestisiya artırsa, bu, iqtisadi böyüməni şərtləndirir. Dolayısı ilə bu, gəlirlər formasında yenidən əhaliyə qayıdır. Gəlirlərin artması təkrar istehsalı təftişləyir. Burada bir zəncir var. Bu zənciri biz gəlirlərimizin 50 faizindən artığını gündəlik tələbat mallarına yönəltməklə beşiyindəcə boğmuş oluruq”.
R.Həsənov əlavə edib ki, göstəricilər əhalinin gəlirlərinə əsasən dəyişir:
“2015-16-cı illərdə ərzağa xərclənən vəsait 60 faizə qədər artmışdı. Sonradan qismən tarazlandı. Hamısı nisbi rəqəmlərdir. Ərzaq məhsullarına xərclənən pulun göstərilməsi məqbul deyil.
Bu əhalinin gəlirlərinə görə dəyişə bilən bir məsələdir. Əhalinin 1-ci desilinin* ərzaq məhsullarına xərclədiyi pul onun ümumi büdcəsinin 70 faizinə qədərini əhatə edir. 10-cu desildə göstərici dəyişir, 20-30 faiz azalır. Heç nə qazanmasan belə, bunu etməlisən. Yaşayıb, nəfəs alırsansa, bunu etməlisən. Onuncu desillə birinci desil çox da fərqlənmir. Lakin gəlirləri fərqlənir. Bu da özünü qabarıq şəkildə göstərir”.
* Desil - gəlirlərin diferensiasiya göstəricisi, əhalinin ən yüksək təminatlı 10%-nin gəlirləri ilə ən aztəminatlı 10%-nin gəlirləri arasındakı münasibətdə müqayisə ilə ifadə edilir. Əhali qrupları, eyni qayda ilə məlumatlar düzülərək 10 bərabər hissəyə bölünür. Təhlil və müqayisə üçün eyni göstəricilər istehlak xərclərinə görə də alınır.
Hiç yorum yok:
Yorum Gönder