Bu gün Əməkdar artist Zöhrə Abdullayevanın doğum günüdür. Kulis.az onun haqqında on maraqlı faktı təqdim edir.
1. Zöhrə Abdulla qızı Abdullayeva 16 dekabr 1952-ci ildə Şuşada anadan olub Azərbaycan Dövlət Texnologiya universitetin bitirib. Sara Qədimova, Əbülfət Əliyevdən, Münəvvər Kələntərlidən fərdi muğam dərsləri alıb. Peşəkar səhnəyə İslam Rzayev gətirib.
2. Zöhrə Abdullayeva daha çox Məmmədbağır Bağırzadə ilə ifa etdiyi duetlərə görə tanınmışdır. Onların birgə on iki silsilə dueti olub. Bu mahnıların hamısının söz və musiqilərini Məmmədbağır müəllim yazıb. Onlar birgə “Həccə gedirəm”, “Gəlin gəlir evimizə”, “Bağban, ay bağban”, “Şuşa maralı” kimi mahnılar ifa edib.
3. Məmmmədbağır Bağırzadə ilə duet oxuduğuna görə onlar haqqında müxtəlif şaiyələr gəzib. Hətta onların vətəndaş nikahında yaşadığı deyilib. Lakin, müğənni bunlara etiraz edərək müsahibələrinin birində deyib:
“Məmmədbağırın öz sevgilisi var idi və həmin xanımla indi də yaxınam. “O, dünyasını dəyişəndə əli o xanımın əlində oldu”. Məmmədbağır mənə qardaşım əvəzi olub. O qədər doğmaydıq ki... O, mənim ağzımın çörəyi idi. Məmmədbağır böyük şəxsiyyət olduğuna görə heç vaxt “bacı” dediyi adama pis gözlə baxmazdı. O qadınla iyirmi il yaşadı”.
4. O, Allaha inandığı qədər, həm də, kəm gözlərə, caduya inanırmış. Müsahibələrinin birində bu haqda deyir: Caduya həm inanıram, həm də yox. Bir dəfə evdə neylon pərdəmdə 5 barmaq izi gördüm. Onu nə qədər yudum, ağardıcılara da, xlora da qoydum, ləkələr getmədi. Amma mən o evdə yaşayanda ruzim da yox idi, işlərim də çətin gedirdi. Sonra biz o pərdəni atdıq. Və onu küçə təmizləyən götürdü. İnanırsınız, onun da işləri çox pis oldu. Bir yaxın qohumumuz var idi. O gəlib gedirdi bizə. Bəlkə də o idi. İnsanların daxilini bilmək olmur. Biz evimizi dəyişəndə, mən yataq dəstimi qardaşımın ailəsinə bağışladım. İnanmazsınız, döşəyi qaldıranda, orada yağın içində bir qıfıl çıxdı. Mən orda rəhmətlik anamla yatırdım. Mənə elə gəlir ki, bəlkə də mənim anamı elə o yağ apardı, cadu öldürdü. Təsəvvür edin, yatdığımız vaxtda, gecə saat 3-də ikimizin də ayağımızdan elə bil dartdılar. Sən demə, orada qıfıl var imiş”.
5. Zöhrə Abdullayeva 16 yaşında ailə həyatı qurub. Bu evlilikdən onun İsrafil adlı oğlu olur. Oğlunun ailə qurmaq vaxtı çatanda, müğənni öz bacısı qızını oğluna alır. Bu evlilikdən xanəndənin iki nəvəsi doğulur.
6. Birinci evliliyindən sonra müğənni heç vaxt ailə qurmayıb. O, müsahibələrinin birində bu barədə deyir:
“Mənim şəxsi həyatım yoxdur. Nəvələrimlə, oğlumla sevinirəm. Yaxşı ki, Allah-Təala onu mənə ağıllı verib. Çox təvazökar, müdrik, namuslu gəlinim var. Bu barədə çox bəxtəvərəm. Amma iyirmi altı ildir təkəm. Ən gözəl illərimi tək qaldım. Dul qalmaq istəməzdim. Kim istəyər ki, əri ölsün, tənha qalsın? Amma mənə layiq insan olmadı.
7. Deyilənlərə görə xalq mahnısı kimi bilinən “Qarabağ maralı” mahnısının sözləri və musiqisi İsgəndər Novruzlu adlı şəxsə məxsus olub. Və o, bu mahnını Zöhrə xanımın anasına ithaf edib.
8. Olduqca şux, deyib gülməyi sevən, həyata bağlı olan Zöhrə Abdullayevanın sevincli günləri oğlu İsrafilin 24 may 2018-ci ildə beyin xərçəngi xəstəliyindən 47 yaşında vəfat etməsi ilə də başa çatır.
9. Bu itki müğənninin həyatına böyük zərbə vurur. O, on altı kilo arıqlayır, tanınmaz hala düşür. Uzun müddət sonra ilk dəfə efirə çıxan Zöhrə xanım deyir:
“Elə bil hiss etmişdim ki, həyatımda bir sunami olacaq. Həyatımda hər şey sakit və rəvan idi, bu dərəcədə ola bilməzdi axı! Allah kaş mənə nə isə edəydi... Ağıllı balam ağıllı başından xəstələndi. Qəfil oldu, səbəbini bilmədik. Həkim deyir, ola bilər başı haçansa harasa dəyib. Doğrudan da bir dəfə bağda 2-ci mərtəbədən yıxılmışdı. Amma başı dəymədi axı... İndi də deyirlər yazıdır, bəlkə mənə ürək-dirək verirlər. Balam ağıllı balalar, ağıllı həyat yoldaşı qoyub gedib. Hər şərait yaradıb onlara. Amma mənə özü lazımdır. Özünü istəyirəm! Balamı istəyirəm! Razıyam e, yuxuma gəlib mənə desin ki, yerim yaxşıdır, ağlama. Görün nə həddir ki, ona da razıyam!”
10. Uzun sürən xəstəliklər, oğul həsrəti, dərdi Zöhrə Abdullayevaya qalib gəlir. Xanəndə oğlunun həsrətinə yalnız üç il dözə bilir. O, 28 may 2021-ci ildə dünyasını dəyişir. Xırdalan məzarlığında dəfn olunur.
Hiç yorum yok:
Yorum Gönder