Şuşa-Xankəndi yolundakı gərginlik, Putinin Əliyevə zəng etməsinin səbəbləri - TƏHLİL



Azərbaycanla Qarabağ iqtisadi rayonunun bəzi zolaqlarında müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələri arasındakı problemlər 10 Noyabr Bəyanatından sonra ilk dəfə aşkar şəkildə cərəyan edən gərginliklə müşayiət olunur.

10 Noyabr Bəyanatının təməllərinə qarşı meydan oxuyan Rusiya sülhməramlıları təlimatları Moskvadan alırlar və ordu Kremlin əmrləri fonunda Bakı ilə gərginlikdə xüsusi vasitəyə çevrilir.

Azərbaycanla Rusiya arasında Bəyanatın əsasən 4-cü bəndi üzrə - erməni silahlıların Azərbaycan ərazilərindən çıxarılması – problemlər mövcuddur, bu fikir ayrılıqları Kremli digər səmtlər üzrə təxribatlar törətməyə təşviq edir.

Rusiya sülhməramlı kontingent və Qarabağdakı erməni əhalinin izdivacından elə bir fiqur dünyaya gətirmək istəyir ki, bu, perspektivdə Moskvanın Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsindəki dominantlığını saxlasın.

Rusiya gedişatlardan anlayır ki, gec-tez sülhməramlı kontingent Qarabağdan çıxarılacaq, bunun əvəzində başqa bir təzyiq vasitəsi yaratmaq üçün Moskva “B” planına əl atır. Kreml üçün məqbul variantlardan biri rus iş adamlarının Xankəndiyə, Xocalıya köçünü təşkil etməkdir ki, buradan da  o, başqa məqsədə çıxış əldə etməyi hədəfləyir.

Kreml özünün perspektivdəki tənzimləyici xüsusiyyətlərində ənənəvi imperiya siyasətinin ruhunu saxlamaq üçün daha təhlükəli plan üzərində işləyir, yəni Qarabağa rusları köçürüb, Azərbaycana müdaxilə imkanları üçün bəhanələr formalaşdırmağı düşünür.

Moskvanın məqsədlərində iqtisadi-ticari niyyətlər də gizlənir, lakin bu maraqlar hüquqi mexanizmlərə əsaslanan prinsiplərin tapdalanması ilə təmin edilmək istənəndə Bakı öz haqq səsini ucaltmaq məcburiyyətində qalır.

Rusiya Qarabağdakı qızıl yataqlarının və digər təbii sərvətlərin istismarını talan metodu ilə reallaşdırmaq arzusuna düşərək xəyallarına düz mütənasib olaraq qeyri-leqal fəaliyyət həyata keçirir. Bu, Azərbaycanın Konstitusiyasına qarşı meydan oxumaq tərzinin nümayişidir, Ana Yasaya əsasən, Azərbaycan ərazisindəki təbii sərvətlər Respublikamıza məxsusdur.

Azərbaycanın rəsmi qurumlarının nümayəndələrinin sülhməramlıların müvəqqəti xidmət zonasına yollanmaları həmin konstitusion tələbləri çatdırmaq məqsədi daşıyırdı, lakin nəticə əldə olunmadıqda ictimai-siyasi və ekofəallar Şuşa-Xankəndi yolunu bağlayaraq xalqın da həmin sərvətlərin talanmasına etirazını çatdırırlar.

Bu, dövlət üçün əhəmiyyətlidir, o mənada ki, Rusiya üçün Azərbaycan xalqının ictimai sifarişinin nədən ibarət olduğunu göstərmək Kremli çəkindirən faktor olacaq.

Sülhməramlı kontingentin funksiyası sülhyaratma prosesinin elementi olmaqdır, ancaq qızıl hərisliyindən doğan tamah onların mandatının etibarlılığının qarşısına yekə bir sual işarəsi qoyur.

Azərbaycanın verdiyi digər mesaj Qarabağdakı erməni əhaliyə xitab edir, yəni onlar rəsmi Bakının təqdim etdiyi modeli əsas tutmalıdırlar və xoşbəxt, firavan yaşamaları üçün bundan başqa seçimləri də yoxdur.

Bakı çatdırır ki, nə sülhməramlıların kölgəsində gizlənmək, nə niyyəti xarab olan iş adamlarının arxasından boylanmaq, nə Rusiya, nə Qərb, nə də Ermənistan sizi xilas edəcək və taleyiniz bizim əlimizdədir!

Azərbaycan diplomatiyası hibrid əməliyyatlarla yeni mərhələyə keçiddə tutarlı faktlar və ya təsir imkanları qazanır və Moskva da həmin mülahizələrlə hesablaşmalıdır.

Şuşa-Xankəndi yolundakı gərginliyin davam etdiyi zamanda Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan lideri İlham Əliyevə zəng etməsi həmin hesablaşmanın ali səviyyədə anonsu sayıla bilər, hərçənd ki, hər iki prezident bir çox məsələdə razılıq əldə edib.  

Ancaq qızıl yataqlarının istismarı və Rusiyanın mübhəm şəxsləri Qarabağa gətirməsi ilə ambisiyalarına yeni fon verməsi məsələlərində Bakı ilə Moskvanın ulduzu barışmır, Əliyev-Putin danışıqları mübahisəli məsələlərin qarşılıqlı maraqlar çərçivəsində həlli üçün postulatlardır.

Azərbaycan qarşılıqlı maraqların məntiqini öz suverenliyinin tamhüquqlu təmininin sərhədləri ilə qarışdırmır. Yəni Moskvaya özünün qurduğu oyunlarla Azərbaycanın suverenliyi məsələsində pay almaq nəsib olmayacaq.

Azərbaycan, sadəcə olaraq, Moskva ilə iqtisadi-siyasi əməkdaşlığın ikitərəfli münasibətlərin hüquqi prosedurlar əsasında inkişafının tərəfdarıdır.

Əliyev-Putin danışıqlarının ana xətti bundan ibarət ola bilər, lakin Moskva siyasi iradə göstərib sözdə dediyini əməldə göstərməlidir.

Putin üçün də əməkdaşlıq önəmlidir, elə onun Əliyevə zəngində Bakı-Moskva-İrəvan arasında əldə edilmiş üçtərəfli razılaşmaların icrasından söz açması Kremlin Bakının könlünü almaq istəyidir.  

Azərbaycanın Rusiya ilə bir çox mövzudakı ortaq maraqları onları yaxınlaşdırır, lakin Kremlin Qarabağa düyün vurmaq cəhdi həmin ruhu da zədələyir, buna görə Moskva bir neçə uyğun addım atmalıdır ki, normal münasibətlər bərpa olunsun:  

1. Sülhməramlıların komandanı dəyişdirilməli, hərbi qüvvələrin fəaliyyəti 10 Noyabr Bəyanatında təsbit edilən notlara köklənməlidir;

2. Rusiya qızılın başgicəlləndirici cazibəsindən bihuş olub Azərbaycana qarşı fəaliyyət göstərməkdənsə, praqmatik əməkdaşlıq mühiti üçün normal təkliflər səsləndirməlidir;

3. Rusiya sülhməramlılarının xidməti yalnız və yalnız sülh mexanizminə həlledici töhfə verməlidir və onlar qeyri-leqal hərbi-siyasi, iqtisadi-siyasi fəaliyyətdən çəkinərək başlarını aşağı salıb xidmətlərini etməlidirlər.

Ümumilikdə baş verənlər və danışıqlar proqnoz çıxarmaq üçün ipucları verir ki, Azərbaycan mərhələ-mərhələ Xankəndiyə, Xocalı istiqamətinə yön alır və proses Bakının suverenlik hüququnun konstitusion təmini ilə yekunlaşacaq.

Rusiya sülhməramlılarının fəaliyyəti mənasız status qazanacaq və onlar Azərbaycan ərazilərindən çıxarılacaqlar.

Hiç yorum yok:

Yorum Gönder

Pages