Rəsul Quliyev Prezidenti təbrik etdi: “Heydər Əliyevin dahiliyini və Azərbaycana lazım olduğunu hər yerdə təbliğ edirdim”


Azərbaycanın sabiq spikeri Rəsul Quliyev Yeni Azərbaycan Partiyasının 30 illik yubileyi münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

 

Pravda.az-ın xəbərinə görə, məktubda deyilir:

 

Hörmətli cənab Prezident!

 

Prezident Heydər Əliyevin liderliyi ilə qurulmuş olan Yeni Azərbaycan Partiyasının 30 illik yubileyi qeyd edilməkdədir. Bu münasibətlə Sizi - partiyanın bugünkü lideri olaraq səmimi qəlbdən təbrik edir, Azərbaycanın şərəfli tarixində uğurlar arzulayıram.

 

Heç şübhəsiz ki, Yeni Azərbaycan Partiyasının qurulmasında mənim də danılmaz və müstəsna rolum olub. 1987-ci ildə hamı, o cümlədən  Prezident Heydər Əliyevin zamanında yüksək vəzifəyə gətirdiyi insanlar Heydər Əliyevdən uzaq qaçanda, mən Heydər Əliyevin dahi olduğunu və Azərbaycana lazım olduğunu hər yerdə hakimiyyətin ağır təhriklərinə, hədələrinə baxmayaraq açıq formada söyləyir və təbliğ edirdim. Rusiya tərəfindən hakimiyyətə gətirilmiş Əbürrəhman Vəzirov, ardınca Ayaz Mütəllibov mənə qarşı terror aktları təşkil etsələr belə, mən bir addımda olsun Heydər Əliyevlə bağlı mövqeyimdən geri çəkilmədən, əksinə onların üstünə getdim. Heç şübhəsiz ki, həmin dövrdə hakimiyyətə gəlməyə can atan xalq cəbhəsi də Heydər Əliyev fenomeninin əleyhinə idi. Mən bunlara baxmayaraq, Heydər Əliyevin partiya yaratmaq ideyasını dəstəkləyib və hərtərəfli köməkliklərimi etdim… Heydər Əliyevin dövlətçilik üçün əhəmiyyətini dərk etməyənlər, onun Bakıya gələ bilməsindən təşvişə düşənlər (Mütəllibovdan sonra Xalq Cəbhəsinin dövlətçilikdən xəbərləri olmayan uşaqları) eyni uğursuz siyasəti 1993-cü ildə ölkədə siyasi böhran, vətəndaş qarşıdurması və hakimiyyətsizlik yaratmış oldu. Heydər Əliyevin məhz Bakıya gətirilməsindən sonra ölkədə sabitlik bərpa edildi, xalqa düşmənçilik edənlərə qarşı böyük təmizləmə siyasəti başladı. Bu qətiyyətli siyasət 1994-cü il - Rusiya-S.Hüseynov qiyamı və 1995-ci il - Tansu Çillər-Cavadov qardaşlarının dövlət çevrilişi cəhdinin darmadağın edilməsi ilə başa çatdı. Və bu ağır, lakin şərəfli yolun davamı bugünki qüdrətli Azərbaycanımızı formalaşdırmış oldu. Mən bütün bunlara hansısa siyasi məqsədlər üçün deyil, məhz tarixi gərçəklik üçün toxunuram. İstəyirəm ki, gələcək nəsillər həqiqətləri olduğu kimi öyrənsin. Fikrimcə heç bir zaman keçmişi unutmaq olmaz. Keçmişi olmayan xalqın nə bu günü, nə də gələcəyi olmaz. Keçmişdə ağır səhvlər buraxmış insanlara qarşı kin bəsləmək, qisas almaq lazım olmasa da, yaddan çıxarmaq olmaz.     

 

Hörmətli cənab Prezident!

 

Azərbaycan siyasi partiyalar və onların reytinqi məsələsində bir qədər fərqli ölkədir. Yeni Azərbaycan Partiyası heç şübhəsiz ki, məhz Heydər Əliyevin nüfuzunun fundamentində yaradılmış partiyadır. Hansıki indi də Sizin nüfuzunuza söykənib... Əminəm ki, Siz indiki nüfuzunuzdan istifadə edib Azərbaycanı inkişaf etdirəcək hələ çox islahatlara imza atmış olacaqsınız. Şəxsən mən buna əminəm.     

 

Hörmətli cənab Prezident!

 

Bir daha Sizi, birinci Vitse-prezident Mehriban xanım Əliyevanı, sizlərin timsalında bütövlüklə bu gün dövlətçiliyi inkişaf etdirməyə ürəkdən çalışan komandanızı təbrik edir, Azərbaycanın və Türk dünyasının dünyada inkişaf etdirilməsində uğurlar arzulayıram”.

Hiç yorum yok:

Yorum Gönder

Pages