Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Böyük Qayıdış” Gənclər Təşkilatı və “Gənc SİMA” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Şuşa İli” çərçivəsində Şamaxı rayonunda “Birlik” Qarabağ gənclərinin həmrəylik düşərgəsinə start verilib.
Bakmiltv. İnfo xəbər verir ki, düşərgənin ilk günündə iştirakçılar ümummilli lider Heydər Əliyevin Şamaxı rayonunda ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək Ulu Öndərin xatirəsinə ehtiramlarını bildiriblər.
Daha sonra Şamaxı rayon Şəhidlər Xiyabanını ziyarət edərək torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini yad ediblər.
Düşərgənin açılış tədbiri 44 günlük Vətən müharibəsində Şuşaya qədər döyüş yolu keçmiş, qəhrəman qazilərlə görüşlə başlayıb. Dövlət Vergi Xidmətinin Şamaxı rayonunda yerləşən Tədris Mərkəzində baş tutan tədbirdə Dövlət Himni səsləndirilib, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açıq elan edən “Böyük Qayıdış” Gənclər Təşkilatının icraçı direktoru Nail Şükürov düşərgə iştirakçılarını salamlayaraq, gənclərə düşərgə müddətində uğurlar arzulayıb. O, öz çıxışında Müzəffər Ali Baş Komandan İlham Əliyevin güclü iradəsi və qətiyyəti, xalqımızın birliyi və yenilməz Ordumuzun rəşadəti hesabına Vətən müharibəsində qazanılan şanlı Zəfərdə gənclərin müstəsna rolundan danışaraq bildirib ki, işğaldan azad olunmuş torpaqların dirçəldilməsində və Böyük Qayıdış prosesində də gənclərdən gözləntilər böyükdür.
Daha sonra təşkilatının idarə heyətinin üzvü, Aprel döyüşləri qazisi Əhliyət Mehdiyevin moderatorluğu ilə davam edən görüşdə Vətən müharibəsi qaziləri keçdikləri döyüş yollarından, müharibə dövründə ordumuzun döyüş əhval-ruhiyyəsindən, hərbi-psixoloji hazırılığından, işğaldan azad olunmuş ərazilərə ilk ayaq basdıqlarında yaşadıqları hisslərdən, xalq və ordu birliyindən danışıb, onları maraqlandıran sualları cavablandırıblar. Tədbir mədəniyyətimizin beşiyi olan Qarabağın istedadlı gənclərinin təqdimatında biri - birindən maraqlı musiqi və şeir ifaları ilə yekunlaşıb.
Artıq ikinci ildir ki, təşkil olunan düşərgənin keçirilməsində məqsəd Vətən müharibəsində rəşadətli Ordumuzun parlaq qələbəsi ilə reallaşan Böyük Qayıdışa və Qarabağda dirçəlişə töhfə vermək istəyən Qarabağ gəncləri arasında şəbəkələşməni təmin etmək, bununla bağlı gənclərin ideyalarını toplamaq və onların təşəbbüskarlığını artırmaqdır. Həmçinin gənclərdə vətənpərvərlik və həmrəylik hissini gücləndirmək, müxtəlif təlim və görüşlər vasitəsilə şəxsi inkişaflarına dəstək olmaq, asudə vaxtlarını səmərəli təşkil etməkdir.
Qeyd edək ki, bu il “Şuşa birliyimizin rəmzidir!” devizi altında həyata keçirilən və 5 gün davam edəcək düşərgədə 120 nəfər Qarabağ gənci “Zəfər”, “Dəmir Yumruq”, “Bayraqdar”, “Xarıbülbül”, “Qayıdış” “Xudafərin” və “Murov” adlı komandalar şəklində iştirak edirlər.
Düşərgədə gənclər üçün Vətən müharibəsi iştirakçılarının və Qarabağ bölgəsindən olan tanınmış incəsənət adamlarının iştirakı ilə görüşlər, şəxsi və komanda inkişafı yönümlü təlimlər, Qarabağda dirçəlişlə bağlı müxtəlif ideyaların və layihələrin müzakirəsi, tematik vorkşoplar, intellektual, şəbəkələşmə və komanda inkişafı oyunları, mədəniyyət axşamları, ekskursiyalar və asudə vaxtda müxtəlif əyləncəli fəaliyyətlər nəzərdə tutulub.
Hiç yorum yok:
Yorum Gönder