Prezident İlham Əliyev və rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası ölkədə qatıldığı bütün seçkiləri əzici üstünlüklə qazanıb. Bu, İlham Əliyev şəxsiyyətinə, onun liderlik qabiliyyətinə xalqın sarsılmaz inamı və sevgisi, xalq-iqtidar birliyinin göstəricisidir.
Bakimilli.info
Hər bir dövlət üçün xarici siyasətin düzgün müəyyənləşdirilməsi və icrası qütbləşən, mürəkkəbləşən dünyada öz varlığını, müstəqilliyini qorumaq, beynəlxalq birliyin layiqli üzvünə çevrilmək üçün başlıca şərtdir. Coğrafi baxımdan Şərqlə Qərbin kəsişməsində, sivilizasiyaların qovuşma məkanında yerləşən Azərbaycan da bu reallıqdan çıxış edərək, regionun həssaslığını nəzərə alaraq, müstəqil, balanslı xarici siyasət həyata keçirir.
Güclü iqtisadiyyata söykənən müstəqil xarici siyasət
Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu, Prezident İlham Əliyevin böyük uğurla davam etdirdiyi bu siyasi kurs nəticəsində Azərbaycanın beynəlxalq nüfuzu güclənib, dünyada söz sahibinə, regionun lider dövlətinə çevrilə bilib. Məhz bu siyasi kurs sayəsində ölkəmiz öz milli maraqlarını qorumaqla, Qərbin, İslam və Türk dünyasının, Müstəqil Dövlətlər Birliyinin siyasi-iqtisadi-mədəni məkanları ilə qarşılıqlı faydalı münasibətlər qurub, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaşa çevrilib. Təməli güclü iqtisadiyyata söykənən müstəqil xarici siyasət sayəsində Azərbaycan böyük dövlətlərin təzyiqlərinə sinə gərib, 30 ilə yaxın müddətdə işğal faktı ilə barışmayıb, 44 günlük Vətən müharibəsi ilə torpaqlarını daşnak tör-töküntülərindən təmizləyib, ərazi bütövlüyünə nail olub, Ermənistanı və onun arxasındakı havadarları diz çökdürərək, qalib dövlət və xalq kimi adını tarixə yazdırıb.
Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu
Təbii ki, bütün bu uğurlarda Prezident İlham Əliyev şəxsiyyətinin, liderlik qabiliyyətinin, qətiyyət və prinsipiallığının təkzibedilməz rolu var. Apardığı ədalətli və beynəlxalq hüquqa söykənən siyasətlə onu həm Avropada, həm də Şərqdə təcrübəli siyasət adamı kimi qəbul edir, hörmətini saxlayırlar. Misal üçün, Azərbaycan Avropa İttifaqının üzvü olmasa da, bu təşkilatı əsas ticarət tərəfdaşımıza çevirib. Avropa İttifaqının üzvü olan Latviya, Litva, Rumıniya, Xorvatiya, İtaliya, Macarıstan, Bolqarıstan, Çexiya və Polşa ilə Azərbaycanın strateji tərəfdaşlığa dair müqavilələri var. Nəticə etibarilə ölkəmiz Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi kimi layihələrlə, son dövrdə isə “yaşıl enerji” sahəsində atılacaq addımlarla Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına böyük töhfələr verib və verəcək. Eyni zamanda Azərbaycan NATO-nun üzvü olmasa da Qərbin bu hərbi təşkilatı ilə sıx əlaqələrə sahibdir. Azərbaycan Prezidentinin ötən il NATO-nun mənzil-qərargahına səfəri, səfər çərçivəsində Baş katiblə görüşü, Şimali Atlantika Şurasının iclasında çıxışı, həmçinin NATO-nun Əfqanıstandakı Qətiyyətli Dəstək missiyasında ölkəmizin iştirakı buna əyani misaldır.
“İlham Əliyev bu gün Avropada ən populyar şəxsdir”
Bütün bu münasibətlərin qurulmasında və indiki səviyyəyə çatmasında Prezident İlham Əliyevin rolunu dəyərləndirmək üçün bu yaxınlarda Serbiya prezidenti Aleksandar Vuçiçin onun barəsində söylədiklərinə diqqət etmək kifayətdir: “İlham Əliyev bu gün Avropada ən populyar şəxsdir. Avropada necə dəyişikliklərin baş verməsi inanılmazdır. Adətən onlar onun üçün vaxt tapa bilmirdilər, indi isə bütün vaxtlarını ona ayırırlar, çünki onların Azərbaycan qazına və Azərbaycanın təklif edə biləcəyi hər şeyə ehtiyacları olduğundan o, orada çox sevilir. Lakin mən bilirəm ki, o, ağıllı insandır, hər şeyi görür, hər şeyi başa düşür, düzünü desəm, mən bir az paxıllıq edirəm. Onlar mənə yalnız Kosovo ilə bağlı məsələ olanda, Kosovo ilə bağlı nəyə isə ehtiyacları olanda, məni təhdid etmək üçün zəng vururlar. Lakin Prezident İlham Əliyevi sevirlər və sevdiklərinə görə ona zəng vururlar. Onlar ondan hər şeyi xahiş edirlər. İlham Əliyev hər zaman öz ölkəsinin təhlükəsizliyini təmin edib, ona hörmət edilməsinə nail olub, öz ölkəsinin qayğısına qalır və öz ölkəsinin maraqlarını müdafiə edir”.
Qarşılıqlı dəstək və həmrəylik yüksək qiymətləndirilir
Prezident İlham Əliyevin uğurla reallaşdırdığı xarici siyasət kursu sayəsində müsəlman dövlətlərinin, o cümlədən Azərbaycanın üzv olduğu İslam Əməkdaşlıq Təşkilatı ilə də yüksək səviyyəli əlaqələrimiz var. Ölkəmizin xarici siyasət kursunda prioritet olan və strateji əhəmiyyət daşıyan bu münasibətlər sayəsində İƏT ölkəmizin ərazi bütövlüyünü, suverenliyini daim dəstəkləyib, Qarabağ probleminin ədalətli həllinə tərəfdar çıxan qərar və qətnamələr qəbul edib. Ümumiyyətlə, İlham Əliyev artıq bütün dünyada təcrübəli siyasətçi kimi qəbul edilir. Peşəkar diplomat kimi onun hətta ən çətin situasiyalarda belə, ən uğurlu çıxış yolu tapması təqdir olunur.
Sülh və dostluq dənizi
Prezident İlham Əliyev Azərbaycanın region dövlətlərlə münasibətlərinin inkişaf etdirilməsində, mehriban qonşuluq, dostluq əlaqələrinin qorunub saxlanılmasında da müstəsna xidmətlərə sahibdir. Məhz onun qətiyyəti sayəsində Azərbaycan böyük dövlətlərin poliqonuna, qonşularına qarşı platsdarma çevrilmək təhlükəsindən qurtulub. Xarici qüvvələrin təhriki ilə Xəzər dənizində hüquqi statusun əldə olunmasına maneə yaradan amillər Azərbaycan liderinin təklifləri əsasında aradan qalxıb. Bu gün Xəzər sahilyanı ölkələr üçün dostluq dənizinə çevrilib.
Münasibətlərin keyfiyyətcə yeni mərhələsi
Prezident İlham Əliyevin balanslı xarici siyasət kursu sayəsində Azərbaycan Avropa İttifaqı, NATO, ABŞ-la bərabər, Qərblə əks mövqedə dayanan Rusiya ilə də yaxşı münasibətlər qura bilib. Dövlətimizin başçısı cari ilin fevral ayında Moskvada “Azərbaycan ilə Rusiya arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamə imzalamaqla, ölkələrimiz arasında münasibətləri keyfiyyətcə yeni səviyyəyə keçirib. Azərbaycan dövlət başçısı sadəcə Rusiyada keçirilən görüşlərdə deyil, Müstəqil Dövlətlər Birliyinin sammitlərində də nüfuzlu siyasətçi kimi iştirak edir. Hətta üzv olmadığımız Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında belə, Azərbaycan dövlətinin və liderinin hörməti qorunur. KTMT-də təmsil olunan Ermənistanın dəfələrlə bu təşkilatı Azərbaycan əleyhinə proseslərə cəlb etmək istəməsinə üzv dövlətlərin etiraz etməsi deyilənləri təsdiqləyir.
Turan birliyinin qurulmasına təkan
BMT-dən sonra ikinci ən böyük təsisat olan Qoşulmama Hərəkatına uğurla sədrlik edən Prezident İlham Əliyev üçün əsas olan Azərbaycanın milli maraqlarıdır. O, bu maraqlardan çıxış edərək, Qoşulmama Hərəkatına üzv olan dövlətlərlə həmrəyliyə və qarşılıqlı dəstəyə nail olub. Mustafa Kamal Atatürkün “Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir”, ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” fəlsəfəsini daim əldə rəhbər tutan Prezident İlham Əliyev qardaş Türkiyə ilə münasibətləri hərbi-strateji müttəfiqlik səviyyəsinə çatdırıb. Bir nömrəli müttəfiqimiz Türkiyədə Azərbaycan Prezidenti təcrübəli, işini bilən usta siyasətçi kimi tanınır. Prezidentlər Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin şəxsi münasibətləri, müttəfiq dövlətlərin gələcəyi, eyni zamanda türk dünyasının birliyi naminə birgə atılan addımlar sadəcə Türkiyə ilə deyil, Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Özbəkistanla da münasibətlərin inkişafına, Turan birliyinin qurulmasına təkan verir. Beləliklə Prezident İlham Əliyev türk dünyasının lideri kimi də hər keçən gün nüfuzunu artırır.
50 milyon azərbaycanlının Prezidenti
Güclü iradəyə, qətiyyətə sahib olan, “Sözümüz imzamızdır” deyərək daim verdiyi vədlərə sadiq qalan Prezident İlham Əliyev 28 il işğal altında qalan torpaqlarımızın azad olunmasını təmin edib, xalqına verdiyi sözü, ata vəsiyyətini yerinə yetirib. Onun sərkərdəliyi ilə Rəşadətli Ordumuz 44 günlük Vətən müharibəsində Ermənistan üzərində qələbə çalıb, regionda yeni reallıqlar yaradıb. İlham Əliyev bu gün təkcə müstəqil Azərbaycanın deyil, dünyada yaşayan 50 milyon azərbaycanlının Prezidenti, lideri kimi qəbul edilir. Təsadüfi deyil ki, dövlət başçısı son vaxtlar mütəmadi olaraq xarici ölkələrdə yaşayan azərbaycanlıların ana dili, təhsil problemlərini qaldırır. Prezident İlham Əliyev ölkə daxilində də alternativsiz siyasi liderdir. O və rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası ölkədə qatıldığı bütün seçkiləri əzici üstünlüklə qazanıb. Bu, xalq-iqtidar birliyinin, İlham Əliyev şəxsiyyətinə, onun liderlik qabiliyyətinə xalqın sarsılmaz inamının göstəricisidir.
Hiç yorum yok:
Yorum Gönder