İranın Ermənistana silah satmasının səbəbləri – Ekspert AÇIQLADI



“Dünyada və o cümlədən Cənubi Qafqazda cərəyan edən geosiyasi proseslər, hərbi-siyasi gərginlik, dövlətlərin geostrateji maraqlar uğrunda mübarizəsi açıq-aşkar hiss olunur. Dünya düzəninin yenidən formalaşmasının labüdlüyü dövlətləri gərgin vəziyyətə salmaqdadır. Belə bir məqamda İranın özünün mövcud imkanlarını, geosiyasi mövqeyini qoruyub saxlamaq istəməsi və bunu kiməsə güzəştə getmək niyyətində olmaması regionda hərbi-siyasi gərginliyi artırır”.

Bu fikirləri Oxu.Az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Ramid Hüseynov səsləndirib.

Ekspert onu da diqqətə çatdırıb ki, İkinci Qarabağ müharibəsinin regionda yeni status-kvonu formalaşdırması, yeni yanaşmanı və dəyişikləri zəruri etməsi, heç şübhəsiz ki, İran üçün iqtisadi, siyasi və hərbi baxımdan xoşagəlməz vəziyyətin meydana gəlməsinə gətirib çıxardı:

“Məhz postmüharibə dövründə İranın Ermənistana son texnologiyaya əsaslanan silahlar satması ilə işğalçı dövlətin hərbi gücünün yenidən bərpa olmasında maraqlı olmasını yuxarıda qeyd olunan imkanlarının itirilməsinin acığını çıxması ilə izah oluna bilər. İranın Ermənistana genişmiqyaslı silah satmasının digər bir səbəbi son günlərdə İranda başlanan etiraz aksiyalarında etnik azərbaycanlıların fəallıq göstərməsi və Azərbaycan dövlətinə rəğbətini və məhəbbətini bildirən ifadələr işlətmələrinin İran rejimini bərk qorxuya salmasıdır. Ölkəsindəki baş verənlərin daha çox xarici qüvvələr, o cümlədən Azərbaycan tərəfindən idarə olunduğunu iddia edən molla rejimi adekvat addım olaraq işğalçı Ermənistana müasir silahlar satmaqla onu Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirməyə və sanki yeni müharibəyə təhrik edir. Bununla Azərbaycanı cəzalandırmağa və hərbi-siyasi gücünü zəiflətməyə çalışır”.

Müsahibimiz hesab edir ki, bütün bunlara baxmayaraq, Azərbaycan dövlətlərin daxili işlərinə qarışmamaq, suverenlik və bərabərlik prinsiplərinə hörmətlə yanaşır və buna ciddi riayət edir:

“Dövlətlərin bir-birləri ilə milli maraqlara söykənən, qarşılıqlı mənafeyə xidmət edən əlaqələrini onların suveren hüququ kimi əsas götürür. Hətta İranın düşmən olan, terrorçu, işğalçı Ermənistanla belə istənilən sahədə münasibət qurmasına, ona silah satmasına belə normal yanaşır. Sadəcə Ermənistanın müsəlman dövləti olaraq Azərbaycana qarşı işğalçı, revaşist mövqeyində qalmasını, erməni separatçıların suveren ərazilərimizdə mövcudluğunu bilə-bilə ona indiki məqamda bu cür “dost”, “qardaş” dəstəyini göstərməsini beynəlxalq hüquqa zidd hesab edir. Habelə regionda daimi sülhün və təhlükəsizliyin yaranmasına ümidlərin olduğu bir dönəmdə bu cür addımların atılmasını doğru hesab etmir. 

Bu, onu düşünməyə əsas verir ki, regionda sabitliyin bərqərar olması, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması, Azərbaycanın tam suveren bir dövlət kimi güclənməsi, dünyadakı mövqelərinin möhkəmlənməsi İranı narahat edir. Halbuki Ermənistanla müqayisədə Azərbaycanla iqtisadi-siyasi-mədəni sahədə əlaqələrin genişləndirlməsi, münasibətlərin daha da yaxşılaşdırılması İranın özü üçün də çox faydalıdır. Beynəlxalq təzyiqlərin artması, xristian həmrəyliyinin güclənməsi fonunda Cənubi Qafqazda sülhün və sabitliyin qorunub saxlanılması və hərbi təhlükəsizliyinin təmin edilməsi baxımından əhəmiyyətlidir”.

Sayad Həsənli

Hiç yorum yok:

Yorum Gönder

Pages