“Bakı Metropoliteni”ndə gur saatlarda qatarlararası interval iki dəqiqə olaraq müəyyənləşib. Lakin bəzən qatarın gəlməsinin iki dəqiqədən daha çox vaxt apardığını da müşahidə edirik. Son günlər metropolitenin “Qara Qarayev” stansiyasında səhər saat 08:15-08:30 radələri arasında qatarların 3-4 dəqiqəlik intervalla işləməsi müşahidə olunur. Bu isə özlüyündə sıxlığa gətirib çıxarır və vətəndaşların vaqonlara daxil olması bir qədər də çətinləşir.
Bəs görəsən, intervalın 3-4 dəqiqəyə çatma səbəbi nədir?
Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, gur saatlarda interval iki dəqiqədir, ancaq bəzi xüsusi hallarda gecikmələrin baş verməsi mümkündür:
“Bizim verdiyimiz məlumatlarda o da əks olunub ki, ehtiyat qatar xəttə bir çox hallarda “Nəriman Nərimanov” stansiyasından daxil olur. Qeyd edilən saatlarda sıxlığın aradan qaldırılması üçün əks istiqamət üçün də tədbirlər görülməlidir. Bu hal baş verdikdə isə “Ulduz” stansiyasından “Həzi Aslanov”a qədər qatarlararası interval normadan artıq ola bilir. Əfsuslar olsun ki, “Bakı Metropoliteni”nin elektrik deposu məhz xəttin ortasında yerləşir. Hər xəttin öz deposu prinsipinə tam əməl etmək olmur. Yaşıl xəttin elektrik deposu hələ ki inşa mərhələsindədir”.
Qurum rəsmisi diqqətə çatdırıb ki, gələcəkdə xətlər ayrıldıqda, hər xəttə öz deposu xidmət göstərdikdə bu problemlər olmayacaq:
“Bu gün isə gur saatlarda vəziyyəti tənzimləmək üçün xəttə ehtiyat qatarlar buraxılanda belə bir hal yaşana bilir. Hətta bizim bir ehtiyat qatarımız səhər saat 6:40-da xəttə daxil olur. O qatar “Memar Əcəmi” - “Neftçilər” arasında dövrə vurur. Bu isə o deməkdir ki, həmin qatar stansiyalardan çıxanda “Memar Əcəmi”dən üzü “Dərnəgül”ə, “Neftçilər”dən isə “Həzi Aslanov”a qədər siz eyni qayda ilə iki dəqiqədən artıq interval görəcəksiniz. Bunlar texniki məsələlərdir, optimal həll yollarını tətbiq edirik”.
Hiç yorum yok:
Yorum Gönder