Adını tarixə əbədi həkk etdirən şəxsiyyət - FOTO



Ümummilli lider Heydər Əliyev tarixə öz adını əbədi həkk edən nadir şəxsiyyətlərdəndir. O, həyat və fəaliyyəti ilə Azərbaycan xalqının taleyində əhəmiyyətli rol oynayıb. Qüdrətli siyasi xadim istər SSRİ dövründə, istərsə də müstəqilliyimizin ilk illərində Azərbaycanın milli azadlıq və istiqlaliyyəti, gələcək inkişafı naminə əsl xilaskarlıq missiyası yerinə yetirib.

“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Məhz o, müasir və müstəqil Azərbaycan Respublikasının qurucusu və memarı olub. Ümummilli liderin yaratdığı və rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası (YAP) xalqın partiyasına, ölkənin siyasi həyatının əsas qüvvəsinə çevrilib. Bu gün Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin, həmçinin onun ən yaxın silahdaşı – Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə daxili və xarici siyasətdə Azərbaycanın qazandığı uğurların təməlində də ulu öndər Heydər Əliyevin ideyalarının təntənəsi dayanır. Buna görə də müdrik dövlət xadimi Azərbaycan xalqının qəlbində daim yaşayır. Ümummilli lider Heydər Əliyevin 10 may doğum və 12 dekabr anım günləri xalqımız tərəfindən böyük el məhəbbəti, minnətdarlıq hissi ilə qeyd edilir.

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini Hikmət Babaoğlu açıqlamasında bildirib ki, böyük dövlət xadimi Heydər Əliyev öz uzunmüddətli fəaliyyəti ilə Azərbaycan dövlətçilik tarixinin xüsusi bir mərhələsini yaradıb.

Millət vəkilinin sözlərinə görə, bu mərhələ fərqli ideoloji dövrləri əhatə etsə də, bütövlükdə xalqımızın milli yaddaşına inkişaf və tərəqqi dövrü kimi yazılıb:

“Ona görə də hər il keçirilən anım günləri ulu öndər Heydər Əliyevin öz xalqı qarşısında xidmətlərinin yad edilməsi, məhz onun siyasi vəsiyyətləri və ideyaları əsasında hazırkı tərəqqiyə qovuşmağımızın təntənəsi ilə yad edilir. Həm siyasətçi, həm də tarixi şəxsiyyət olaraq bənzərsiz idarəetmə və rəhbərlik keyfiyyətlərinə malik olan Heydər Əliyev müstəqil dövlətimizin strateji memarı olmaqla yanaşı, özündən sonra qiymətli dövlətçilik ənənələri, böyük siyasi mədəni irs, eyni zamanda bundan sonra milli birlik və bərabərliyimizə əsrlər boyu xidmət edəcək paradiqmal ideoloji əsaslar, sözün əsl mənasında bir dövlətçilik məktəbi miras qoyub”.

Deputat vurğulayıb ki, bu gün əldə etdiyimiz tarixi zəfərimizin zirvəsindən dönüb bir daha müstəqilliyimizin ilk illərinə baxdıqda Heydər Əliyevin dövlətçiliyimizi haradan-hara gətirə bildiyini müqayisəli təhlil əsasında çox aydın görə bilərik:

“Onun hələ torpaqlarımız işğal altında olarkən, azad edilməsi hər birimizə xəyal kimi gələrkən dediyi sözlər bu gün reallıqdır. O, biz bir il Novruz Bayramını Şuşada, bir il Laçında və digər azad edilmiş rayonlarımızda qeyd edəcəyik deyərkən, sanki bu günləri görürdü. Böyüklük və həyata keçirdiyi siyasətin doğru olduğuna inam, bax, budur. Diqqət etsək görəcəyik ki, Prezident İlham Əliyev məhz bu ulu vəsiyyətin əsasında tarixi qələbəmizdən sonra ilk Novruz tonqalını Şuşada, sonra Ağdamda qaladı və bu ardıcıllıqla davam edəcək”.

H.Babaoğlu deyib ki, müstəqilliyimizin ilk illərindəki xaosdan, qarşıdurmadan, vətəndaş müharibəsindən, dövlət çevrilişləri cəhdlərindən qurtularaq bu günlərə gəlmək bir möcüzədir:

“Bu möcüzənin müəllifi Heydər Əliyev zəkası və müdrikliyidir. Hər bir siyasətçinin böyüklüyü ondan sonra miras qoyduğu ənənələrin, dövlətçiliyin, tərəqqinin daha da inkişaf edərək davam etdirilməsindədir. Bu gün qalib Azərbaycan inkişaf edir, dünyanın cazibə mərkəzlərindən birinə çevrilir, güclənir, xalqımızın yüz illik arzularını reallaşdıraraq erməni faşizminin dərsini layiqincə verir. Dəmir yumruq ətrafında sıx birləşərək yeni tarixi zəfərlərə doğru irəliləyir. Bütün bu uğurların əsası, təməli böyük dövlət xadimi Heydər Əliyev tərəfindən qoyulduğu üçün qədirbilən xalqımız öz ulu öndərini dərin ehtiram və hörmətlə anır”.

YAP İdarə Heyətinin, Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Pərvin Kərimzadə isə qeyd edib ki, Heydər Əliyev Azərbaycan xalqının həm siyasi, həm də milli lideridir. Deputatın qənaətincə, zaman-zaman yeniləşən nəsillər ulu öndərin ömür yoluna müraciət edəcək, zəngin irsini araşdıracaq, öyrənəcək, liderlik məktəbindən dərs alacaqlar:

“Bütün həyatını xalqa sədaqətlə xidmətə həsr etmiş ulu öndər öz titanik fəaliyyətində həmişə xalqa arxalanıb, ən çətin anlarda ona müraciət edib. Xalq da heç vaxt ondan öz dəstəyini əsirgəməyib. Ulu öndər öz müdrikliyi, cəsarəti ilə Azərbaycan xalqının sevgisini qazanıb. Ən ağır məqamlarda Azərbaycan xalqı əmin idi ki, Heydər Əliyev müstəqilliyi, dövlət maraqlarını, xalqın, dövlətin maraqlarını qoruyacaq və xalqın mənafeyi ilə bağlı ən düzgün qərar verəcəkdir. Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında göstərdiyi misilsiz xidmətləri Azərbaycan vətəndaşları, dünyada yaşayan bütün azərbaycanlılar heç vaxt unutmayacaq. Hər il keçirilən anım tədbirləri Azərbaycan xalqının Heydər Əliyevə böyük ehtiramının ifadəsidir, onun xalqımız qarşısındakı möhtəşəm xidmətlərinə verdiyi qiymətdir. Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi hər zaman yaşayacaqdır”.

Hiç yorum yok:

Yorum Gönder

Pages