Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Böyük Qayıdış” Gənclər Təşkilatının və “Gənc SİMA” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş “Xüsusi Təyinatlı Gənclik” hərbi-vətənpərvərlik düşərgəsi yekunlaşıb.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin güclü iradəsi və qətiyyəti, xalqımızın birliyi və yenilməz ordumuzun rəşadəti hesabına Vətən müharibəsində qazanılmış tarixi Qələbəyə həsr olunan düşərgənin keçirilməsində məqsəd gənclərin hərbi-fiziki hazırlığını yüksəltmək, onları idmana və sağlam həyat tərzinə təşviq etmək, gənclərdə vətənpərvərlik və həmrəylik hissini daha da gücləndirmək olub.
Artıq ikinci ildir ki, təşkil olunan və gənclər tərəfindən böyük maraqla qarşılanan düşərgədə iştirak üçün 800-ə yaxın gənc müraciət edib. Paytaxtla yanaşı, müxtəlif regionlardan müraciət edən gənclər arasından yaşı 17-25 həddində olan, həqiqi hərbi xidmətə yollanmamış, ilkin qeydiyyat və müsahibə mərhələlərini uğurla keçən oğlanlar və qızlar düşərgədə iştirak şansı qazanıblar.
Bu il “Zəfərimiz” şüarı altında açıq hava şəraitində beş gün davam edən düşərgədə gənclər “Vaşaqlar”, “Dəniz pişikləri”, “Canavarlar”, “Yarasalar”, “Şahinlər”, “Əqrəblər” və “Kobralar” adlı komandalar şəklində iştirak ediblər. Düşərgə müddətində gənclərə simulyativ hərbi əməliyyat proqramı əsasında Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan zabit və gizir heyəti tərəfindən sıra hazırlığı, ilkin tibbi hazırlıq, topoqrafiya, kəşfiyyat, mühəndis-istehkam, dağçılıq, kütləvi qırğın silahlarından müdafiə hazırlığı, ekstremal şəraitdə həyatda qala bilmə, silahla davranış, atəş hazırlığı, əlbəyaxa döyüş üzrə praktiki təlimlər keçirilib, antiterror əməliyyatının simulyasiyası, gənclər üçün hərbi idman oyunları, intellektual yarışlar, ocaq ətrafında döyüşçülərlə söhbətlər və asudə vaxtda müxtəlif əyləncəli fəaliyyətlər təşkil olunub. Həmçinin düşərgə iştirakçılarının hazırlığının yoxlanılması məqsədilə düşərgənin dördüncü günündə bütün şəxsi heyət həyəcan siqnalı ilə qaldırılıb. Düşərgənin şəxsi heyəti daimi dislokasiya məntəqəsini tərk edərək şərti cəmləşmə rayonuna hərəkət edib.
Düşərgənin Qax rayonunun İlisu kəndində noyabrın 10-da keçirilən bağlanış tədbiri Dövlət Himninin səsləndirilməsi, torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin yad edilməsi ilə başlayıb.
Bağlanış tədbirində Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev, Gənclər Fondunun icraçı direktorunun müavini Orxan Ərəbov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qax bölməsinin rəisi mayor Elşən Əhmədov, Qax rayon Gənclər və İdman İdarəsinin rəisi Əlövsət Bayramov, “Böyük Qayıdış” Gənclər Təşkilatının icraçı direktoru Nail Şükürov, təşkilatın idarə heyətinin üzvləri, Qarabağ qaziləri və Vətən Müharibəsi Qəhrəmanları iştirak ediblər.
Çıxışlardan sonra tədbir düşərgə iştirakçılarının təqdimatında hərbi proqramın nümayişi, vətənpərvərlik ruhunda biri-birindən maraqlı şeir, musiqi və rəqs nömrələri ilə davam edib.
Sonda 120 gəncin iştirakı ilə baş tutan “Xüsusi Təyinatlı Gənclik” hərbi-vətənpərvərlik düşərgəsinin qalib komandası müəyyənləşib. Beş gün boyunca yüksək nizam-intizam və fəaliyyətlərdə daha aktiv iştirak edən, qiymətləndirmə meyarları üzrə ən yüksək nəticə göstərən “Dəniz pişikləri” komandası 2022-ci il üzrə düşərgənin qalibi elan olunub. Qalib komandaya kubok, medal və hədiyyələri düşərgənin təlimatçıları və Vətən müharibəsi qaziləri təqdim ediblər.
Düşərgənin hər il təkmilləşdirilmiş formada və daha çox gəncin iştirakı ilə keçirilməsi nəzərdə tutulur.
Hiç yorum yok:
Yorum Gönder