Bu gün Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü Səmərqənddə baş tutub. Görüş çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən diqqətə çatdırılan məsələlərdən biri də Qarabağın və Şərqi Zəngəzurun Ermənistan işğalından azad olunmasının ikinci ildönümünü qeyd etməyimiz olub. Dövlət başçısı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın azad edilmiş torpaqlara üç dəfə səfər etdiyini vurğulayaraq digər türk dövlətlərinin liderlərini də 30 illik işğal dövründən sonra yenidənqurma prosesinin icra olunduğu bu ərazilərimizə dəvət edib. Həmçinin Qarabağdakı tikinti prosesinə Özbəkistan və Qazaxıstanın da töhfə verməsini yüksək qiymətləndirərək minnətdarlığını bildirib.
Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, briqada generalı Yücel Karauz Oxu.Az-a açıqlamasında qeyd edib ki, bu görüş mühüm məsələlərin müzakirə edilməsi, əməkdaşlıqların daha da genişləndirilməsi və yeni əməkdaşlıq sahələrinin ortaya çıxarılması baxımından böyük əhəmiyyət kəsb edir:
“Bu Zirvə dünyanın yeni bir formaya büründüyü və qeyri-müəyyənliklərin hökm sürdüyü bir vaxtda türk dövlətlərinin tarixi missiyalarının fərqində olub birlik və bərabərliyə önəm verdiyini göstərir. İstanbul Zirvəsindən Səmərqənd Zirvəsinə qədər olan dövrdə, yəni bir il ərzində böyük irəliləyiş əldə olunub. Xüsusilə Azərbaycanın haqq işinin dəfələrlə vurğulanması, bu işdə Azərbaycana dəstəyin nümayiş etdirilməsi vacib nüansdır.
Görüşdə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Zəngəzur məsələsinin həlli, Qarabağdakı müasirləşmə, sülhün təmin olunması, Qarabağın iqtisadi dəstək mərkəzinə çevrilməsilə bağlı məsələlər müzakirə olundu. Bu, fikrimcə, zamanın ruhuna uyğun bir baxış bucağıdır. Təbii ki, Macarıstanın müşahidəçi ölkə olması ilə TDT-nin 6+1 formatında təqdimatının həm bölgəyə, həm qlobal oyunçulara, həm də türk dünyasına müəyyən təsirləri olacaq”.
Həmsöhbətimiz bildirib ki, hazırda TDT-nin əsas aktorları Türkiyə, Azərbaycan, Özbəkistan və Qazaxıstan kimi görünür:
“Bu ölkələrin bir-birilə əlaqələrini yüksək səviyyəyə çatdırmaları, fikir mübadiləsi aparmaları önəmlidir. Doğrudur, TDT-nin qarşısında ölkələrlə bağlı fərqli problemlər var, amma ümumilikdə, bu birlik və bərabərlik, qərarlılıq Zəngəzur dəhlizinin açılması yönündə Ermənistan, İran, Rusiya və Qərbə qarşı bir perspektiv olduğunu ortaya qoyur. Görüşün Zəngəzur dəhlizinin açılmasına mühüm təsir edəcəyini düşünürəm.
Ali Baş Komandan İlham Əliyevin türk dünyasının sadəcə dövlətlərdən ibarət olmadığını, bu dövlətlər xaricində yaşayan soydaşlarımızın varlığını və onların dil, mədəniyyət, sosial rifah və özlərini ifadəetməylə bağlı problemlərini diqqətə çatdırdı. Xüsusilə, dil məsələsinə diqqət çəkərək bunun daim gündəmdə saxlanılacağını, soydaşlarımızın öz dillərində təhsil almalarını önəmli saydıqlarını ifadə etməsi tarixi bir addımdır. Bizə gələcəklə bağlı önəmli mesajlar verir. Naxçıvandan başlayan yol Səmərqənddə bir millət, yeddi dövlət halına çevrilir. Bu, dünya siyasi tarixində önəmli mərhələdir. TDT artıq əhəmiyyəti getdikcə artan, sözünü deyən, qərarlılığını göstərən bir quruluşdur”.
Sayad Həsənli
Hiç yorum yok:
Yorum Gönder