Dərman almağa, iynə vurmağa yer axtaran narkomanlar niyə Kliniki Tibbi Mərkəzin həyətinə toplaşır?-FOTO/VİDEO



Ötən gün Kliniki Tibbi Mərkəzin həyətində çəkilən narkomanların videogörüntüsü ciddi müzakirələrə səbəb olduğundan hadisə yerinə gedib vəziyyəti yerində görmək istədik.

Səhər saat 11:00 radələridir… Xəstəxananın həyətində yüzlərlə insan Kliniki Tibbi Mərkəzə müayinə və ya müalicə üçün gəlir. Kiminin yaxını içəridə əməliyyat olunur, kimi öz analizlərinin cavabını almağa gəlib, kimisi də sadəcə xəstə ziyarətinə. Xəstəxananın həyətindən keçərək Narkoloji Mərkəzə müalicə üçün gedən narkotik maddə istifadəçilərini saymasaq, ətrafda isə videogörüntülərdə göründüyü kimi narkomanlar gözə dəymir.

Təəssüf ki, bu mənzərə ətrafda hər kəs üçün narahatlıq yaradır. Xəstəxananın həyətində olan şəxslər ətrafda zaman-zaman narkomanları gördüklərini, onların bir anda səslərini başlarına atdıqlarını, küçənin ortasında nalayiq ifadələr işlətdiklərini deyirlər. Hətta tibb bacıları, həkimlər belə xəstəxananın həyətində bir korpusdan digər korpusa keçərkən ehtiyat etdiklərini, qorxduqlarını deyirlər.

Hətta tibb bacıları, həkimlər belə xəstəxananın həyətində bir korpusdan digər korpusa keçərkən ehtiyat etdiklərini, qorxduqlarını deyirlər.

Narkoloji Mərkəz Kliniki Tibbi Mərkəzin həyətində yerləşir. Narkoloji Mərkəzdə qeydiyyatda olan şəxslərə hər gün müəyyən miqdarda “Metadon” maddəsi paylanılır. Bu səbəbdən də qeydiyyatda olan şəxslər hər gün buraya gələrək həmin miqdarda məhlulu içərək ağrılarını sakitləşdirirlər.

Elə məhlulu içməyə gələn bir neçə narkotik maddə istifadəçisi ilə həmsöhbət olmağa çalışdıq. Bəziləri etiraz etsə də, danışmaq istəyənlər də tapıldı. Üzünün görünməsini istəməyən şəxslərdən biri deyir ki, narkotik maddə asılılığından qurtulmaq üçün hər gün buraya gəlir:

“O məhlulu içəndə ağrılarımız azalır, beynimiz sakitləşir. Bizə kömək olur bu maddə, gün ərzində bir dəfə verilir, miqdarı insana görə dəyişir. Adam var ona 30 qr verirlər, adam var ona 50 qram məhlul verilir. Bu məhlulu bir gün içirsən, 24 saat adamı sakit saxlayır. Biz hamımız bu mərkəzdə qeydiyyatdayıq və gəlib dərmanımızı içib gedirik. Çöl narkomanlarını bura buraxmırıq. Biz özümüz belə onları görəndə qovuruq, döyürük. Mən o videoda narkotik qəbul edənləri görməmişəm. Bu məhlulu içirsən, insan olursan, oğurluq etmirsən, başqa fikirlərə düşmürsən.

 

Dövlət onu bizə pulsuz verir. 24 saat o məhlul təsirini göstərir. Elə adam var hər gün gəlir içir, adam da var, neçə gündən bir. Yəni burada kənar işlər görmürük, polis gəlsə, onlara görə də bizi tutacaq. Özüm bir il yarımdır burada qeydiyyatdayam. Mənim 50 yaşım var. Əgər kimsə burada dərmanını içdikdən sonra getmir, artıq hərəkətlər edirsə, o öz ölümünü yaxınlaşdırır”.

Bütün hallarda yaxşı olar ki, bu "ağ ölüm"dən uzaq duraq ki, sonra illərlə müalicə üçün sürünməyək.

Mərkəzin ətrafında hər gün təmizlik işləri aparılır. Lakin buna baxmayaraq, hiss olunur ki, narkomanlar gözdən qaçaraq bu ərazidə toplaşmağa nail ola biliblər. Ətrafda qanlı iynələr, dərman qabları, şpris başlıqları var idi. 

Məsələdə adı hallanan Kliniki Tibbi Mərkəzin (KTM) mətbuat xidmətinin rəhbəri Elnur Hidayətoğlu Oxu.Az-a açıqlamasında deyir ki, Mərkəzin ərazisinin bir hissəsində Respublika Narkoloji Mərkəzə aid “Metadon” paylanma məntəqəsi fəaliyyət göstərir:

“Bu məntəqədə Dövlət Proqramına əsasən, narkomaniyadan əziyyət çəkən şəxslərin müalicəsində istifadə olunan dərman vasitələri verilir. Sosial şəbəkələrdə yayılan videolardakı şəxslərin böyük əksəriyyəti bu dərmanları əldə etmək üçün müraciət edənlərdir. Məsələ aidiyyəti dövlət qurumlarının nəzarətindədir, əlavə qabaqlayıcı tədbirlər görülür”.

Müzakirələrdə tədbir görməli olan qurumlardan biri kimi polislərin də adı hallanır. Hüquq-mühafizə orqanlarının məsələyə reaksiya vermədiyini deyənlər üçün qeyd edək ki, həmin görüntülər artıq araşdırılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev Oxu.Az-a açıqlamasında deyib ki, həmin şəxslərin Narkoloji Dispanserdə qeydiyyatda olduğu müəyyən edilib:

“Dövlət tərəfindən onlara müalicə olunmaları üçün lazımı maddələr, dərmanlar verilir. Əgər orada digər maddələrdən istifadə etmə halları  varsa, polis əməkdaşları bununla bağlı araşdırma aparacaqlar, qanunamüvafiq tədbirlər həyata keçirəcəklər. Həmin şəxslərin açıq-aşkar cəmiyyət içində bu cür neqativ hərəkətlər etməsi doğru deyil.

Bu addımlar cəmiyyətə qarşı açıq-aşkar törədildikdə ikiqat təhlükə yaranır, çünki  bunu digər şəxslər də görür. Bu kimi halların qarşısının alınması məqsədilə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həmin ərazidə gücləndirilmiş nəzarət tədbirləri görülür. Əlavə naryad qrupları əraziyə təhkim olunub, neqativ hallar tam olaraq aradan qaldırılana qədər nəzarət tədbirləri davam etdiriləcək”.

Ölkədə narkomaniya bəlası ilə mübarizə aparılır. Lakin bu mübarizənin daha tez və daha effektli nəticə verməsi üçün birgə fəaliyyət göstərmək daha vacibdir. İstər cəmiyyət olaraq, istər qurumlar olaraq. Hər kəsin bir amalı var, sabah heç kimin əzizi bu bəlaya düçar olmasın... Bir gün Narkoloji Mərkəzin qarşısında gözləmək üçün bu gün, vaxtında mübarizə tədbirlərinə dəstək olmaq lazımdır.

Daha çox foto burada: Photostock.az

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Hiç yorum yok:

Yorum Gönder

Pages