Bolqarıstan və Türkiyədə İstanbul terrorunda şübhəli bilinən şəxslər saxlanılıblar



Bolqarıstan polisi noyabrın 13-də İstanbulun İstiqlal küçəsində altı nəfərin ölümü ilə nəticələnən terror aktı ilə bağlı beş şübhəlini saxlayıb.

Bu barədə Bolqarıstanın milli televiziyası məlumat yayıb.

Qeyd olunur ki, saxlanılanlar arasında Moldova vətəndaşları və ərəb əsilli şəxslər də var.

Bolqarıstan Prokurorluğunun rəsmi nümayəndəsi Siyka Mileva saxlanma ilə bağlı məlumatı təsdiqləyərək bildirib ki, beş nəfərdən dördü 72 saatlıq saxlanılıb. Onların daimi həbsi üçün məhkəməyə tələb irəli sürülüb. İlkin məlumatlara görə, saxlanılanlar terror aktının təşkilatçılarını maddi-texniki və kommunikasiya dəstəyi ilə təmin ediblər. Bolqarıstan izi ilə bağlı araşdırmanı Sofiya Şəhər Prokurorluğunun Terrorla Mübarizə Sektorunun mütəxəssisləri aparır.

“A Haber” telekanalı hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən xəbər verir ki, bundan başqa, Türkiyə polisi hücumda iştirakda şübhəli bilinərək daha səkkiz nəfəri saxlayıb.

Televiziya şirkətinin məlumatına görə, nəzarətə alınan şəxslər terrorçulara yardım etməkdə və onlara sığınacaq verməkdə şübhəli bilinirlər. Saxlanılan iki şəxs, əlavə olaraq, hücumu törədən Suriya vətəndaşı Əhlam əl-Bəşirə Suriyadan qeyri-qanuni yollarla Türkiyəyə keçməyə köməklik də ediblər.

Bundan əvvəl İstanbulda törədilən terror aktında 50 nəfərin əli olduğu bildirilirdi. Noyabrın 18-də İstanbul Məhkəməsi hücumu törədən də daxil olmaqla 17 şübhəlinin həbsi barədə qərar verib.

Mənbə: TASS

Hiç yorum yok:

Yorum Gönder

Pages