Sumqayıtda gənc oğlanın ölümünə səbəb olan “zarafat” - CİNAYƏT İŞİ + FOTO/VİDEO



2020-ci il iyulun 19-da Sumqayıt şəhər Heydər Əliyev prospektində, çörək mağazasının qarşısında kütləvi dava baş verir. Dava zamanı 1994-cü il təvəllüdlü Ramid Sevindikzadə bıçaq xəsarətləri alır. Dərhal hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunur. Hadisə yerindəcə Sumqayıt sakinləri 1994-cü il təvəllüdlü Əziz Əzizli və qardaşı 2003-cü il təvəllüdlü Fərid Əzizli saxlanılır.

Davada yaralanan R.Sevindikzadə yerləşdirildiyi Travmatologiya xəstəxanasında dünyasını dəyişir.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılır.


Hadisə baş verən ərazi

Davada iştirak etmiş daha bir şəhər sakini, 2003-cü il təvəllüdlü Kərim Şükürov 2 gündən sonra saxlanılır.

Lent.az həmin qətl hadisəsinin istintaq materiallarını əldə edib.

İstintaqla müəyyən edilib ki, iyulun 19-u saat 23 radələrində Heydər Əliyev prospektində fəaliyyət göstərən çörək mağazasının qarşısında Fərid Əzizli tanışı Rüfət Nəsirovla zarafat edərkən, aralarında mübahisə yaranıb. Ətrafda çoxsaylı insanların olmasına məhəl qoymayaraq, nalayiq ifadələr işlədib, ictimai qaydanı kobud surətdə pozublar. Fərid Əzizli Rüfət Nəsirovun üzünə yumruq vurub. Yaxınlıqda avtomobildə əyləşən Azad Aslanov, Şəhriyar Sadıxov və Ramid Sevindikzadə onları sakitləşdirməyə gəliblər. Fərid Əzizli, qardaşı Əziz Əzizli və tanışı Kərim Şükürov qrup halında qərəzli xuliqanlıq hərəkətlərini davam etdiriblər. Əziz Əzizli və Kərim Şükürov Azad Aslanova yumruq və təpik zərbələri vurduqda, Ramid Sevindikzadə ictimai borcunu yerinə yetirib davanın qarşısını almağa çalışıb. Əziz Əzizlini tutub, geri çəkəndə Fərid Əzizli üzərindəki bıçaqla Ramid Sevindikzadənin döş qəfəsinə 4 dəfə zərbə endirib.


İstintaq fotosu

Təqsirləndirilən şəxs qismində dindirilmiş Fərid Əzizli bildirib ki, iyulun 19-u saat 21 radələrində həyətə düşməyə hazırlaşarkən qardaşı Əziz işdən evə gəlib. Qardaşı ona çox uzağa getməməsini, birazdan birlikdə gedib, pivə içməyi təklif edib:


Fərid Əzizli

“Dostum Kərimlə marketin qarşısına getdik. Bir az ərazidə dayanıb, söhbət etdik. Sonra Əziz ona zəng edərək, prospektdə yerləşən çay evində, pivə içdiyini deyib məni ora çağırdı. Kərimlə ora getdik. Yanımızdakı masada tanımadığımız 3 nəfər oturmuşdu. Bir azdan mən və Kərimlə eyni məktəbdə oxuyan Rüfət Nəsirov gələrək, həmin oğlanların yanında əyləşdi. Pivə içdikdən sonra Əziz və Kərimlə birlikdə kafedən çıxıb marketin yanına yollandıq. Bir qədər sonra çay evində olan 3 nəfər ora gələrək, boz rəngli “Mercedes C-class” markalı avtomobilə minərək ərazidən uzaqlaşdılar. Daha sonra Rüfət Nəsirov və Yusif Abdullazadə yanımıza gəldilər. Kərim baxmaq üçün Rüfətdən pulqabını aldı və içindən pulu götürdü. Rüfət narazı olanda Kərim zarafat etdiyini dedi. Pulun bir hissəsini tanışına qaytarsa da, zarafat məqsədilə qalan 5 manat pulu mənə verdi. Bunu görən Rüfət mənimlə kobud danışaraq, pulu geri qaytarmağımı tələb etdi. Mən də qardaşım Əzizin yanında mübahisə etməmək üçün, Rüfəti kənara çəkdim. Ona pulu zarafat məqsədilə götürdüyümü söyləsəm də, Rüfət bu hərəkətin ona pis təsir etdiyini bildirdi. Bir müddət əvvəl ərazidən uzaqlaşan “Mercedes” həmin yerə gələrək, dayandı. Maşını görən Rüfət getməli olduğunu deyərək, yenidən pulunu geri tələb etdi. 5 manatını qaytaranda, o, əlavə 1 manat pulunun da məndə olduğunu bildirdi. Kobud davranışından əsəbləşərək Rüfətin üzünə yumruq vurdum. Üzərinə getdikdə, Kərim arxadan məni tutub geri çəkdi. Bir anda qarışıqlıq yarandı. “Mercedes”də olan 3 nəfərin bizə tərəf gəldiklərini gördüm. Ramid adlı şəxs Əzizin boynundan tutanda, arxa cibimdən bıçaq çıxardım. Sağ əlimdə saxladığım bıçaqla həmin oğlana səhv etmirəmsə 3 dəfə zərbə vurdum. Hadisə yerinə gələn polis əməkdaşları Əzizlə məni tutaraq 4-cü bölməyə apardılar”.

İş üzrə dindirilmiş Kərim Şükürov bildirib ki, araya girib Fəridi Rüfətdən kənara çəkəndə, boz rəngli avtomobildən düşən 3 nəfərin onlara tərəfə gəldiklərini görüb:


Kərim Şükürov

“Azad adlı şəxs Əzizlə dalaşmağa başlayanda, dostumu qorumaq üçün ona təpik vurdum. Daha sonra Ramid Sevindikzadə Əzizin boynundan tutub onu özünə tərəf dartdı. Bu an Fərid Ramidə yaxınlaşdı və Ramid avtomobilin arxasında yerə yıxıldı. Həmin oğlanın bıçaqlandığını görməmişəm. Səhərisi gün atamdan davada xəsarət alan Ramidin öldüyünü bildim”.

Zərərçəkmiş şəxsin hüquqi varisi Adil Behbidov ifadəsində göstərib ki, kiçik oğlu Ramid Sevindikzadə 1994-cü ildə Füzuli rayonunda anadan olub:

“Sumqayıt şəhərində, fars-ingilis dili təmayüllü orta məktəbi bitirib. 3-cü qrup əlil olduğundan hərbi xidmətə getməyib. İşləmirdi. 2020-ci il iyulun 19-da gecə Yeni İnşaatçı qəsəbəsində, yaşadığım evdə olanda böyük oğlum zəng edərək Ramidin bıçaqlandığını bildirdi. Travmatologiya Xəstəxanasına çatanda oğlumun öldüyünü bildim. Ramidi qətlə yetirən Fərid Əzizlini heç vaxt görməmişəm”.


Ramid Sevindikzadə

Zərərçəkmiş Rüfət Nəsirov bildirib ki, iyulun 19-da marketin yanında Fəridlə Kərim onunla zarafatlaşıblar:

“Əvvəl Kərim qolumdakı saata baxmaq istədiyini söyləyəndə, saatı ona verdim. O, baxdıqdan sonra saatı geri qaytarmaq əvəzinə Əzizə verdi. Əziz saatı qaytardıqdan sonra Kərim məndən pulqabını istədi və içindən 7 manatımı götürərək, Fəridə verdi. Pulumu istədikdə Fərid “mənə pul vermisən?” deyərək, məbləği qaytarmaqdan imtina etdi və məni söhbət etmək üçün çörək mağazasının yanına çağırdı. Orda Fərid cibindən 5 manat pul çıxarıb mənə verdi. Qalan 2 manatı da qaytarmasını tələb etdikdə Fərid artıq pulu olmadığını dedi. Əzizlinin içkili olduğunu görüb, artıq pulunu istəmədim. Uzaqlaşmaq istəyəndə Fərid üzümə yumruq vurdu. Qulağımda güclü ağrı hiss etdiyimdən, dizlərim üstə yerə oturdum. Qarışıqlıq yarandığından qorxub hadisə yerindən qaçdım. Orda kimlərin dalaşdığını görməmişəm. Növbəti gün Azad Aslanov mənə zəng edərək, dava zamanı Fəridin Ramidi bıçaqlayıb öldürdüyünü dedi”.


Hadisə törədilən bıçaq

Zərərçəkmiş Azad Aslanov bildirib ki, Ramid Sevindikzadə ilə dostu Şəhriyarın vasitəsilə hadisədən bir həftə əvvəl tanış olub:

“Həmin gecə dava zamanı Əzizlə Kərim üstümə hücum edərək, mənə yumruq və təpiklə zərbələr vurdular. Özümü qorumaq üçün yola tərəf qaçdım. Ramidi Fərid bıçaqladı. Şəhriyarla köməkləşərək yaralını avtomobilimin
arxa oturacağına qoyaraq, xəstəxanaya apardıq. Ora çatanda həkimlər artıq Ramidin öldüyünü bildirdilər”.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fərid Əzizli 10 il, Əziz Əzizli 2 il 6 ay və Kərim Şükürov 2 il müddətinə müddətinə azadlıqdan məhrum olunublar.

Hiç yorum yok:

Yorum Gönder

Pages