Onların hər birinin həyatı qəhrəmanlıq dastanıdır. Hər birinin şərəf dolu həyat hekayəsi var. 44 günlük Vətən Müharibəsində onlar Azərbaycan tarixinin ən yeni şanlı səhifəsini yazdılar. Qəhrəmanlıqla şəhidlik zirvəsinə ucalan igid hərbçilərimizin arasında leytenant Teymur Feyruz oğlu Abbasovun da adı var. Vətən müharibəsinə könüllü yollananda onun 40 yaşı vardı...
“Kaspi” qəzetinə Teymur Abbasov barədə məqalə dərc edib.
İndi vaxtilə yaşadığı Mirzə Fətəli Axundzadə 2 ünvanındakı evin divarlarını şəhid leytenantın hərbi paltarda portretləri bəzəyir. Fotolardan enli kürəkli, yaraşıqlı simalı, gülərüz gənc zabit boylanır... “Füzulinin azad olunmasına görə”, “İgidliyə görə”, “Vətən uğrunda” medalları isə onun qəhrəmanlıqla dolu döyüş yolundan söhbət açır...
Ailədə 4 uşaq - bir bacı, 3 qardaş böyüyüblər. Ataları vəfat etdiyindən anaları Başxanım Abbasova əziyyətə qatlaşaraq uşaqlarını təkbaşına böyüdüb.
Teymur və qardaşları - Tural və Toğrul Seyid Pişəvəri adına Humanitar Gimnaziyada oxuyarkən təlim-tərbiyələri, nümunəvi əxlaqları ilə təkcə sinif yoldaşlarının deyil, məktəbin pedaqoji kollektivinin də hörmətini qazanıblar. Teymur gimnaziyanı əla qiymətlərlə bitirdikdən sonra Gəncə Pedaqoji Universitetinin şərqşünaslıq fakültəsinə daxil olub. 2002-ci ildə hərbi xidmətə yollanıb. Xüsusi təyinatlı dəstədə qulluq edib. Hərbi xidmətini başa vurmağa 3 ay qalmış Silahlı Qüvvələrin təlim-tədris mərkəzində ehtiyat zabit hazırlıq kursu keçərək leytenant rütbəsi alıb. “Onu hərb sənətinə qoymayın, çox çılğındır”- deyə komandirləri anasına tövsiyə edib. Hərbi xidmətini başa vurandan sonra hərbçi olmaqla bağlı cəhdləri alınmasa da, “Ana, mən onsuz da hərbçi olacağam” arzusu gənc leytenantı heç vaxt tərk etməyib.
“Teymur ilk övladım idi. Uşaqlıqda o qədər dəcəl idi ki... O vaxt evimiz balaca idi. Otağın içində o tərəf-bu tərəfə qaçmaqdan yorulmazdı. “Ay Teymur, bəsdir, yoruldun” deyəndə, “Qoy iki yüz dəfə qaçım” inadından dönməzdi”, - deyə anası Başxanım Abbasova xatırlayır.
Teymur hərbi xidmətdən qayıdandan sonra bir müddət işsiz qalıb, sonra mühafizə xidmətində, daha sonra fars dilini bildiyindən İran Səfirliyində işə düzəlib:
”Teymur çox istedadlı idi. O, hərb işini uşaqlıqdan sevirdi. Evindəki kitabların çoxu da hərbə aiddir. Amma hərbçi olmaq istəyi həyata keçmədi. Sonra 9 il İran səfirliyində işlədi. Sonuncu iş yeri bankda mühafizə xidməti oldu. Oradan da müharibəyə yollandı...”
Teymur müharibə başlayanda səfərbərlik xidmətinə könüllü yollanıb:
“Bu yaşda səni aparmarıq, lazım olanda çağırarıq” desələr də, inadından dönməyib. Hətta Yasamal hərbi komissarlığında mübahisə də edib. Ailə üzvləri onun inadından “Mən sabah müharibəyə gedirəm”, - deyincə xəbər tutublar.
Teymurun döyüş yolu Füzulidən, Cəbrayıldan, Qubadlıdan keçib. Döyüşdə olduğu günlərdə tez-tez ailə üzvləri ilə əlaqə saxlayıb:
“Bir dəfə danışanda “Teymur, özünü qoru” dedim. “Ana niyə belə deyirsən? Mən 18 yaşlı uşaqları irəli verim, özüm arxada durum? Heç vaxt belə edə bilmərəm. Mən qabaqda gedib “arxamca gəlin!” deyirəm” dedi”.
Başxanım ana övladının Vətən sevgisindən danışır:
“Teymur vətəni çox sevirdi. Çox vətənpərvər idi. “Görən Ali Baş Komandan nə vaxt əmr verəcək, mən də müharibəyə gedim” deyirdi. Elə bil torpaqların azad olunması problemi təkcə onun çiyinlərində idi. Elə bilirdi ki, o müharibəyə getsə, torpaqlar dərhal azad olunacaq. Onda belə bir hiss vardı. “Bu torpaq bizim namusumuz, qeyrətimizdir. Hər bir adam hiss etməlidir ki, torpaq onundur” sözləri dilindən düşməzdi”.
Teymur Abbasovun sonuncu döyüş yolu Ağoğlanda - Hadrutda olub. Başxanım ana gözündən yaş süzülə-süzülə danışır:
“Oktyabrın 11-dən 12-ə keçən gecə onları mühasirəyə alırlar. Döyüş dostları danışır ki, Teymurun bir gecədə 300 nəfərin azad olunmasında böyük rolu olub. Mühasirədən çıxandan sonra meşədə oturublar. Köməkçisi Ülvi adlı hərbçiyə “meşədən səs gəlir, gedək baxaq, ola bilər bizi mühasirəyə alsınlar” deyib. Ülvi yorğun olduğunu, bir az dincəlmək istədiyini deyib və Teymur özü tək yollanıb. Dostları danışır ki, 3 güllə səsi eşidilib. Teymur gələndən sonra “Uşaqlar, deyəsən məni vurdular” deyərək gülə-gülə yerə uzanıb və su istəyib...”
Teymur bir dəfə anasına “Mən şəhid olacağam” deyib. Başxanım ana Teymuru sonuncu dəfə sentyabrın 28-də görüb:
“Pilləkənin üstündə məni qucaqlayıb bərk-bərk öpdü. “Teymur, yavaş, nəfəsim kəsildi” dedim. Ondan sonra daha balamı görmədim. 29-da müharibəyə yola düşdü...”
Teymurun 10 və 11 yaşlı 2 oğlu böyüyür. Ataları hər axşam onlarla hərbi oyunlar oynayırmış:
“Teymur uşaqlarını əvvəldən hazırlayıb. Həyat yoldaşına da “Müharibə olsa, birinci gedənlərdən olacağam” deyib. Uşaqları atalarının qayıdacağına inanırdılar. “Bizim atamız qəhrəmandır, necə gedibsə, elə də gələcək” deyirdilər. Övladlarının Teymurun cənazəsi ilə vidalaşdıqları səhnəni heç cür təsvir edə bilmərəm. Uşaqlar sanki donmuşdular”.
“Hər ana üçün övladı şirindir. Amma Teymur hamı üçün şirin idi. Dostları onun haqqında ağlaya-ağlaya danışırlar. Onlar tez-tez Teymurun məzarı üstünə baş çəkirlər. Ad günündə, ildönümündə evimizə gəlirlər.
Teymur yaraşıqlı, hündürboy, şirindil oğlan idi. Ürəyi xeyirxahlıqla alışıb yanırdı. Son tikəsini başqası ilə böləcək, son qəpiyini kimsəyə verəcək bir ürək sahibi idi. Dostcanlı, əliaçıq idi. Maaş alan günü yoldaşlarını yığıb qonaqlıq verirdi. Həyat dolu insan idi. Teymurun içi günəş idi, ay idi. Üzündən təbəssüm əskik olmazdı”, - danışır Başxanım ana.
Kədərli üzünə birdən qəribə bir işıq gəlir:
“Teymuru sevən qızların sayı hesabı yox idi. Heç kəsin də xətrinə dəymirdi. Onu sevən qızların hamısı ilə hörmətlə davranırdı. Həyat yoldaşını, ailəsini çox istəyirdi”.
Başxanım ana oğlunun son nəfəsini verdiyi – şəhid olduğu torpağı görmək arzusu ilə yaşayır. Balasının yoxluğu ilə barışmasa da, içində bir təsəllisi var:
“Teymur bəlkə belə tez şəhid olmasaydı çox böyük qəhrəmanlıqlar edərdi. Amma mənim balam ən uca zirvəyə yüksəldi - Şəhidlik zirvəsinə. Bundan uca zirvə yoxdur...”
Hiç yorum yok:
Yorum Gönder