Uzun illər süd vəzi xərçəngi xəstəliyi ilə mübarizə aparmışam.
Bunu bakmiltv.info-ya açıqlamasında Əməkdar artist Hicran Nəsirova deyib.
“İnsan pis günlərini yaddan çıxarmaq istəyir. Çünki o ağrıları, əzabları mən çəkmişəm. Ona görə belə mövzular gedəndə özümdən asılı olmayaraq kövrəlirəm. 2000-ci ildə Moskvada əməliyyat olub, altı ay orada müalicə almışam. Mərhum həyat yoldaşım xərçəng xəstəsi olduğumu məndən gizlədirdi. Özümü çox pis hiss etdiyim üçün həkimə müraciət etsəm də, iki il ərzində mənim nədən əziyyət çəkdiyimi müəyyən edə bilmirdilər.
Həddindən artıq zəifləmişdim, huşumu itirəcək dərəcədə özümdə deyildim. Daha sonra xərçəng olduğumu dedilər. Diaqnoz qoyulan gün həkim onkoloji xəstə olduğumu bildirəndə, gözləri dolmuşdu.
Ondan nə edəcəyimi soruşanda mənə “sinəmdə bomba gəzdirdiyimi”, tez bir zamanda əməliyyat etmək lazım olduğunu söylədi. Üç gün bunu heç kəsə demədim. O günlər içində ölüb-dirildim. Kimsənin də pis olmasını istəmədim.
Mikrobun ölməsi üçün altı ay müalicə keçdim. Uzun mübarizə getdi. O vaxt ulu öndər Heydər Əliyev mənim xəstə olduğumu eşidəndə bütün xərclərin qarşılanması üçün tapşırıq verdi”, – deyə Hicran Nəsirova bildirib.
Əməkdar artist xərçəng xəstələyinin onda fəsadlar törətdiyini qeyd edib:
“Xərçəngdən canım qurtarsa da, onun verdiyi fəsadları qalır. Bunlar məni incidir. Məsələn, o vaxt orqanizmim şüanı qəbul etmirdi. Dörd şüa aldıqdan sonra komaya düşdüm. Həmin vaxt yoldaşıma zəng edib “biz onu itiririk” deyiblər. Beş gün özümdə olmamışam.
Üç aydan bir müalicəyə gedirdim. O zaman ürəyimdə və ağ ciyərimdə genişlənmə getdiyini öyrəndim. İndi də tez-tez ürək ağrılarım olur, yüksək təzyiqim var. Böyrəklərim şüadan sonra sıradan çıxdı. Səhər açılandan axşama kimi, dərmanlar içirəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir