Polisə bilərəkdən yalan məlumat verən şəxs saxlanılıb.

Bununla bağlı DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan bakmiltv.info-ya məlumat verilib.

Qeyd edilib ki, Bakı şəhər sakini Etiram Hüseynov DİN-in “102” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq iki gün əvvəl idarə etdiyi “Man” markalı yük avtomobili ilə Şəki rayonu ərazisində hərəkətdə olan zaman başqa bir minik avtomobili ilə toqquşduğunu və avtomobildə olan beş nəfər şəxsin onu döydüyünü, bıçaqla hədə-qorxu gələrək üzərində olan dörd min manat pulunu aldıqlarını bildirib.

“102” Zəng Mərkəzinə daxil olmuş müraciət aidiyyəti üzrə Şəki Şəhər Rayon Polis Şöbəsinə yönləndirilib.

E.Hüseynovun müraciəti əsasında aparılan araşdırma zamanı məlum olub ki, əslində, onun dedikləri həqiqəti əks etdirmir. Belə ki, Şəki ŞRPŞ-yə dəvət olunan həmin şəxs izahatı alınan zaman sürücü olaraq işlədiyi şirkətin rəhbərindən on ton arpa almaq üçün 3500 manat pul götürdüyünü, Şəki rayonu Turan qəsəbəsinə gəlib həmin vəsaiti xərclədiyini, vəziyyətdən çıxmaq üçün bu yola əl atdığını bildirib.

O, ifadəsində yalan məlumat verdiyini etiraf edib. E.Hüseynovun cinayət edilməsi haqqında bilə-bilə yalan məlumat verməsi barədə toplanmış material qərar qəbul olunması məqsədilə Xəzər Rayon Prokurorluğuna göndərilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir