Azərbaycan Liberal Demokrat Partiyası (ALDP) 9 fevral 2020-ci ildə ölkədə keçiriləcək növbədənkənar parlament seçkisində iştirakla bağlı qərar verib.

Partiyanın sədri Fuad Əliyev növbədənkənar seçkilərlər bağlı Avrasiya.net-in bəzi suallarını cavalandırıb.

– Fuad bəy, Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin keçirilməsinə münasibətinizi bilmək istərdik?
– Hər iki proses qanunlar çərçivəsində həyata keçirilib. Mənə elə gəlir ki, vaxtında atılan addımlardır. Çünki, parlamentdə bəzi millət vəkillərinin dünyalarını dəyişməsi, bir neçəsinin müxtəlif vəzifələrə təyinatı, birinin borc qalmaqalı hadisəsinə görə məcburi istefası, bir neçəsinin xəstəlikləri üzündən parlamentin iclaslarına gəlməməsi və s. başqa amillər qanunverici orqanın effektli işinə mane olurdu. O üzdən növbədənkənar seçkilərin keçirilməsi zəruri idi ki, bu da baş verdi. Azərbaycan gələn ilin fevralın 9-a təyin edilən növbədənkənar seçkilərə hazırlaşır.

– Prezidentin parlamentin gəncləşməsi fikri ilə bağlı nə deyə bilərsiz?

– Parlamentin gəncləşməsi o demək deyil ki, millət vəkilləri ancaq və ancaq gənclərdən ibarət olmalıdır. Belə fikirləşmək düzgün deyil. Parlamentdə yeni fikirli, yeni təfəkkürlü, dünyaya və reallıqlara yeni baxışları, novator təklifli şəxslər oturmalıdırlar. Bu fikri işlətməklə mən buraxılan parlament üzvlərinin heç də hamısının köhnə fikirli olduğunu demək istəmirəm. Orada yetərincə saf təfəkkürlü, sadə dillə desək öz yerini bilən deputatlar çox idi. Amma 20-25 il parlamentdə deputat kreslosunu ələ keçirənlər də az deyildi, hansılar ki, asudə vaxtlarını bu gün nəvə, nəticələri ilə keçirə bilərdilər, nəinki qanunların qəbuluna sadəcə səs vermək üçün orada əyləşirdilər. Bir dəfə də olsun söz alıb danışmayan, hansısa məsələnin müzakirəsində susan, hətta bəzilərini seçiciləri belə tanımadığı deputatların sayı da az deyildi. Cəmiyyətə yeni simalar lazımdır, insanlar orada yeni vəkillərini görmək istəyirlər.

– Parlamentdə müxalifətin təmsil olunmadığı ilə bağlı iddialar da səsləndirilir..
– Düzdür, adı müxalifət olan partiyaların parlamentdə təmsilçiləri 10 illərdir bir dəfə də ağızlarını açmayıblar. Onların parlamentdə hansı mövqe nümayiş etdirdikləri bilinməyib. Amma müxalif fikirləri və çıxışları ilə seçilənləri barmaqla saymaq olar. İstər hakim, istər müxalifət, istərsə də bitərəf deputatlar, hamısı aktiv olmalıdırlar. Axı onlar milləti təmsil edirlər. Bir dəfə də olsun seçicilərinlə görüşlər keçirmə, parlamentdə danışma, mediadan, efirdən qaç gizlən… bəs niyə gəlib oturmusan orada? Belə deputat nə seçicilərinə, nə də bu dövlətə lazımdır. Və yaxud da elə bir səsrsəm fikir işlət ki, axırda da ictimaiyyətin qınaq obyektinə çevril. Millət vəkili danışığına, hərəkətinə fikir verməlidir. Beş il mandat cibimdədir, toxunulmazlıq hüququm var deyib, milləti, dövləti aşağılayan, gülüş obyektinə çevrilən fikirlər səsləndirməməlisən. Belə müxalifəti olan parlament əlbəttə buraxılmalıdır…

– Seçikiyə qatılmaq qərarını vermisiz…
– Bir partiya olaraq bütün – prezident, parlament və bələdiyyə seçkilərində iştirak etmişik. Hətta 2008-ci ildə prezidentliyə namizəd də olmuşam. Prezident və parlament seçkilərində məğlub olsaq da, növbəti seçkilərdə iştirakdan imtina etməmişik. Baxmayaraq ki, süni maneələrlə bizi seçkilərə buraxmayan vaxtlar da olub. Seçkidən, seçkiyə təcrübə toplamışıq. Biz adı olub, özü olmayan bir partiya deyilik, qərargahımız, fəal üzvlərimiz, tədbirlərimiz… yəni gündəmdəyik. Fəaliyyətimiz bütün cəmiyyətə məlumdır, tutduğumuz yol da, əqidəmiz də, mövqeyimiz də. Bu seçkilərə də qatılmaq qərarı vermişik. Ancaq hələlik hansı dairədən namizəd olacağımızı indidən deyə bilmərəm.

– Bu dəfə necə, süni maneələrin ola biləcəyini ehtimal edirsizmi?
– Bizə maneə yaradan əsas qüvvələr artıq önümüzdə yoxdur. Bundan sonra ola biləcəyini isə dəqiq deyə bilmərəm. Belə maneələr tək mənə yox, başqalarına qarşı da olub.

– Siz eyni zamanda Azərbaycan Xalq Hərəkatının sədr əvəzisiz, bu seçkilərdə hərəkatdan dəstək alacaqsızmı?
– AXH-nin əsasnaməsində seçkilərdə iştiraka qadağa qoyulmasa da, məqsədəuyğun hesab olunmur. Bu bənd 8 ay öncə qəbul olunanda ölkədə başqa bir durum idi. Bu gün isə parlament buraxılıb, hakimiyyətdə gəncləşmə siyasəti həyata keçirilir və s. Qərarı biz vermişiksə, biz də dəyişə bilərdik. Beləcə, biz dostlarmızla bu məsələni müzakirə etdik və seçkilərdə iştirakımla bağlı müsbət qərara gəldik. Mən AXH-in əsasnaməsinə uyğun olaraq sədr əvəzi səlahiyyətini seçkiyə qatılmağımla əlaqədar dayandırdım, fəaliyyətimi sıravi üzv kimi davam etdirirəm. AXH-də ölkənin tanınan partiyaları, QHT və fərdlər təmsil olunur. Təbii ki, bu seçkilərdə onlardan dəstək alacağıq.

– Fuad bəy, müxalifətin bu seçkilərdə həmrəylik nümayiş etdirəcəyinə, vahid namizədlə iştirak edəcəyinə inanırsızmı?
– İnanmıram. Bu gün Azərbaycanda müxalifət düşərgəsində hər bir partiya ayrıca və dağınıq fəaliyyət göstərir. Dəfələrlə onları birliyə dəvət etmişəm, bu təşəbbüslə çıxış etmişəm, amma yaxına gələn olmayıb. Bizim müxalifət heç zaman birləşməyəcək, həmrəy olmayacaq. Şəxsi ambisiyalar buna imkan verməyəcək.

– Bu seçkilərdə əməkdaşlıq etdiyiniz beynəlxalq siyasi qurumlardan müşahidəçilər dəvət edəcəksizmi?
– Fikirləşirik. Bilirsiz ki, ALDP-nin bir neçə xarici ölkədə fəaliyyət göstərən siyasi partiyalarla əməkdaşlığı var. Eyni zamanda Azərbaycanda fəaliyyət göstərən xarici ölkələrin, beynəlxalq təşkilatların təmsilçiləri ilə də görüşlərimiz olub, yəni bir partiya olaraq həm də ölkədən kənarda taınırıq. Okeanın o tayında ABŞ, Avropada, Yaxın Şərqdə, MDB məkanında ALDP tanınır. Bu nüfuzumuzdan ümumi işimizin xeyrinə yararlanmağa çalışacağıq.

– Bu beynəlxalq əməkdaşlığın başqa istiqamətlərə yozulmasından ehtiyatlanmırsız?
– Əsla. Dəfələrlə ABŞ Konqres və Dövlət Departamentində, Rusiyanın Dumasında və digər səfərdə olduğum xarici ölkələrdə daim milli maraqlarımızı, dövlətçiliyimizi qorumuşam, Azərbaycan həqiqətlərini yaymışam, ermənilərin işğalçılıq siyasətini dünya ictimaiyyətinə çatdırmışam, Azərbaycana qarşı ikili siyasətdən bəhs etmişəm. Beynəlxalq əməkdaşlıq nəticəsində Azərbaycanımızı təbliğ etmək üçün biz geniş tribuna əldə etmiş oluruq. Azərbaycanda beynəlxalq əməkdaşlığı olan 3 partiyadan biri ALDP-dir. Bu əməkdaşlığın sərhədlərini genişləndirmək fikrindəyik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir