Dekabrın 13-də Prezident İlham Əliyevin iştirakı ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) sifarişi əsasında “Bakı Gəmiqayırma Zavodu” MMC-də inşa olunan ilk tankerin istismara verilmə mərasimi keçirilib.

ASCO-dan Oxu.Az-a verilən məlumata görə, özünəməxsusluğu ilə seçilən “Laçın” adlı tanker Odessa Dəniz Mühəndisliyi Bürosunun layihəsi əsasında yerli mütəxəssislər tərəfindən inşa edilib.

Gəminin uzunluğu 141, eni 16.9 metrdir. 15 nəfərlik heyətə malik gəmi saatda 10 uzel sürətlə hərəkət edə biləcək. Tanker xam neft və neft məhsulları daşınması üçün nəzərdə tutulmuş ümumi tutumu 9212 kubmetr olan altı yük tankına malikdir. Dedveyti dənizdə 7,875 ton olan tanker iki ədəd “Wartsila” istehsalı mühərriklə təchiz edilib.

“Laçın” gəmisinin kapitanı Elmar Səlimov bildirib ki, tanker nəinki Xəzərdə neft və neft məhsullarının daşınmasını, həmçinin, Volqa-Don və Volqa-Balt kanalları ilə Xəzərdən kənar hövzələrə daşınmaları təmin edəcək.

“Gəmi Xəzər dənizi, Qara dəniz, Aralıq dənizi və Avropa limanlarında üzəcək. Hazırda gəminin səfərə çıxması ilə bağlı işlər görülür. Vaxt və gəminin ilk gedəcəyi yer bəlli deyil”.

“Laçın” tankeri nəinki Xəzərdə neft və neft məhsullarının daşınmasını, həmçinin, Volqa-Don və Volqa-Balt kanalları ilə Xəzərdən kənar hövzələrə də maye yüklərin daşınmasını təmin edəcək.

Hazırda Bakı Gəmiqayırma Zavodunda ASCO-nun sifarişi əsasında bu tip daha üç tankerin tikintisi aparılır.

Təkcə son altı ildə Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində ASCO tərəfindən 20 gəmi alınıb.

ASCO gəmilərin inşasında yerli gəmiqayırma sənayesinin dəstəklənməsi məqsədi ilə regionda ən müasir və unikal gəmi tikintisi potensialına malik Bakı Gəmiqayırma Zavodunun imkanlarından geniş istifadə edir.

Bu gəmilərin tikintisinin 70 faizi ASCO-nun mənfəəti, digər 30 faizi isə dövlət investisiyası hesabına maliyyələşir.

İndiyədək sözügedən zavodda ASCO-nun sifarişi ilə bir liman-yedək və üç sərnişin gəmisi tikilərək təhvil verilib.

Bundan əlavə, 2016-cı ilin sonunda vaqon-TİR və sərnişin daşınması üçün nəzərdə tutulan iki ədəd Ro-Pax/Bərə tipli gəmilərin və maye yüklərin daşınmasını təmin edən iki ədəd tankerin inşası üzrə ASCO ilə Zavod arasında müqavilə imzalanıb.

Bakı Gəmiqayırma Zavodunun baş meneceri İmanverdi Həsənov deyir ki, hazırda zavodda 1390 nəfər yerli, 200-ə yaxın isə podratçı şirkətlərin işçiləri çalışır:

“Demək olar ki, işçilərin 100 faizi yerli işçilərdir. Əcnəbi mütəxəssislər işçi qüvvəsinin təxminən 5 faizini təşkil edir. Bildirim ki, bir tankerin hazırlanması üçün 14 milyon ABŞ dolları, “Ro-Pax” tipli gəmi-bərənin hazırlanmasına isə 41 milyon ABŞ dolları xərclənir.

Gələcəkdə istehsal edilən gəmilərin xarici ölkələrə satılması məsələsi də müzakirə edilə bilər. Bu gün yeni zavodlarda bir gəminin ərsəyə gətirilməsi üçün ilkin olaraq xərclər nəzərdə tutulur, müqavilələr imzalanır”.

2019-cu ilin fevralında daha iki ədəd eyni tipli tankerin tikintisi üzrə ASCO tərəfindən Bakı Gəmiqayırma Zavodunda sifariş yerləşdirilib.

Bununla belə, ASCO-nun donanması üçün zəruri olan müxtəlif təyinatlı gəmilərin inşası ilə bağlı Gəmiqayırma Zavodu ilə danışıqlar aparılır.

Onların arasında quru yük, konteyner daşıyan, kran, yanğınsöndürən, yedək-təchizat, təchizat və nəqliyyat gəmiləri var.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir