Şou əhlinin hər addımı diqqətlə izlənildiyi kimi, onların geyimləri də bir o qədər baxılır və müzakirə olunur. Məşhurlar getdikləri tədbir və məclislərdə zövq oxşamağa çalışsalar da, tam əksi, “sən saydığını say, gör fələk nə sayır” tənqidlərinin ardı-arası kəsilmir.

bakmiltv.info bu il geyimləri ilə hadisədən çox təlatüm yaradan yerli ulduzların siyahısını təqdim edir:

Müğənni Rəqsanə İsmayılova Moskvada yaşayıb, fəaliyyətini orada davam etdirsə də, zaman-zaman çəkdirdiyi açıq-saçıq fotoları ilə gündəmə gəlir. Onun böyük həcmli şlyapa arxasında çılpaq pozlar verməsi izləyicilərin heç xoşuna gəlməyib. Dörd övlad sahibi olan İsmayılovanı yarıçılpaq fotolarına görə “asıb-kəsiblər”.

Rəqsanənin müğənni qızı Aysun İsmayılova da geyimləri ilə özündən söz etdirməyi bacarır. Gənc ifaçının “Xəzər” TV-də yayımlanan “5-də-5” axşam şousuna geyindiyi çəhrayı rəngli dərin sinə dekolteli qısa libası müzakirələrə yol açıb. Aysunu bu geyimə görə sosial şəbəkə istifadəçiləri ağ yuyub, qara səriblər.

Müğənni Damla da geyimlərində yol verdiyi yanlışlara görə gözümçıxdıya salınan məşhurlardandır. “Bədən ölçülərinə görə geyinmir” iradları ilə üzləşən sənətçinin salaş və bol tərzdə ev libasında çəkdirdiyi fotoları tənqidlə üzləşib. İzləyicilər məşhurun şəkillərinə “Niyə özünü bu günə qoyursan?”, “Bir az zövq” kimi rəylər yazaraq, Damlanı qınaq atəşinə tutublar.

Əyin-başına görə tənqid yağışına tuş gələn sənətçilərdən biri də Şəbnəm Tovuzludur. Müğənni geyimlərində yol verdiyi kobud səhvlər ucbatından gündəmin əsas müzakirə obyektinə çevrilir desək, heç də yanılmarıq.

“Show” TV-də yayımlanan “Hayat Güzeldir” proqramında qonaq olan sənətçinin sadə tərzi onun başına bəla olub. Belə ki, həddindən artq çəki alan müğənni seçdiyi şalvar və uzunboğaz koftası ilə köklüyünü daha da büruzə verib. Sosial şəbəkə istifadəçiləri Şəbnəmi bu seçiminə görə qınayıblar.

“Bədən şəkilləndirici” əməliyyatlardan sonra arıqlayan müğənni Xatirə İslam qısa və sinə dekolteli geyimləri ilə tənqid olunan məşhurlardandır. Yayın cırhacırında qısa şortda kamera önünə keçən sənətçinin geyim tərzi izləyiciləri qıcıqlandırıb. Onlar Xatirənin şortunu başına qaxınc edərək, sosial şəbəkədə sərt şəkildə tənqid ediblər.

Son zamanlar Xalq artisti Tünzalə Ağayeva geyimlərinə görə ən çox tənqid olunan məşhurlardadır. Sənətçinin açıq-saçıq əlbisələri özünə xoş gəlsə də, bunu izləyicilərə aid etmək olmaz.

41 yaşlı Xalq artist Tünzalə Ağayevanın “Instagram”da paylaşdığı fotolar müzakirələrə səbəb olub. Tünzalənin transparan geyimdə çəkdirdiyi şəkilləri sosial şəbəkə istifadəçilərini “cin atı”na mindirib. Onlar  açıq-saçıq sinə dekolteli libasın Xalq artistinə yaraşmadığını yazaraq, onu tənqid atəşinə tutublar.

Zövqü və tərzi ilə gündəmdə qalan ulduzlardan biri də Nigar Camaldır. Sənətçi açıq-saçıq geyinməkdən həm zövq alır, həm də zövq verir. Sosial media əhli Nigarı geyimlərinə görə tənqid etsələr də, Camal “bir qulağından alır, digərindən isə verir”. Müğənninin geyindiyi uzun sarı şəffaf libası izləyicilərini qəzəbləndirib.

“Vicdan haqqı” serialında “Larisa” obrazı yaddaşlara həkk olunan aktrisa Çimnaz Sultanovanın sinə dekolteli fotosessiyası sosial şəbəkə istifadəçilərini özündən çıxarıb. Onlar Çimnazı fotolarda verdiyi ehtiraslı pozlara və açıq-saçıq libasına görə yıxıb-sürüyüblər.

Teleaparıcı Firuzə Cəlilova (Fira) geyimi ilə gündəmə gələn məşhurlardandır. “Instagram”da geyim səhifələrinin birində uzun, lakin ayaq hissəsi güpürdən olan əlbisəsi ilə diqqət çəkən Firuzəni izləyicilər tənqid edib. Onun fotolarına “Ətəyin yadından çıxıb”, “Ayağın, bədənin çöldə qalıb” şərhlərini yazıblar.

Rəşad Əliyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir