Çəhrayı donuz ilini yavaş-yavaş başa vururuq. 2019-cu il şou əhli üçün həm düşərli, həm də uğursuz oldu. Ötən illərdə olduğu kimi, bu il də şou-biznesin bir sıra ulduzları həm şəxsi həyatlarında, həm də sənət yollarında parlayıb nailiyyətlərə imza atdılar.

Oxu.Az 2019-cu ilin yaddaqalan ən səs-küylü şou hadisələrini təqdim edir:

Bu il bir çox məşhurlar fəxri adlarla mükfatlandırıldı. Lakin ən çox danışılan, müzakirə olunan “Xalq artisti” adına layiq görülən Röya Ayxan, Miri Yusif və Tünzalə Ağayeva oldu. Onların bu uğuruna şadyanalıq quranlar da oldu, həzm edə bilməyib, gözümçıxdıya salanlar da.

Törətdiyi cinayətə görə dəmir barmaqlıqlar altına düşüb azadlıqdan məhrum olunan bir neçə məşhur bu il həbsxana qapılarından çıxıb ailəsinə qovuşdu.

İnsan alverində təqsirləndirilərək, həbs edilən tanınmış prodüser Təranə Səmədova mayın 6-da  azadlığa çıxdı. O, iki qadını fahişəliyə cəlb etməkdə ittiham olunub. Cinayət işi üzrə iki qadın zərərçəkmiş şəxs qismində tanınıb.

İstintaq orqanı tərəfindən Təranə Səmədovanın barəsində Cinayət Məcəlləsinin 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədilə fahişəliyə cəlbetmə) maddəsi ilə ittiham elan edilib və yanvar ayında həbs olunub.

Bu il azadlığa çıxan daha bir xanım məşhur isə müğənni Fədaya Laçın oldu.

Sənətçi  2017-ci il oktyabrın 30-da həbs olunub. O, bu il oktyabrın 29-da azadlığa çıxıb. İfaçı “Qoca” ləqəbli kriminal aləm üzvü Etibar Məmmədov və Əli Ağamiyə dustaqların aparıldığı xüsusi təyinatlı vaqondan qaçmasında kömək etdiyi üçün həbs olunmuşdu.

Həbsə düşüb, lakin 10 gündən sonra azadlığa çıxan daha bir məşhur isə idmançı Kamil Zeynallı oldu.

O, İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə) maddəsi ilə təqsirli bilinmişdi. O, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 10 sutkalıq inzibati həbslə cəzalandırılmışdı.

Bu il Əməkdar artist Rəşad İlyasov və sənət yoldaşı Rüfət Axundov üçün düşərli olmadı desək, yanılmarıq. “Space” TV-nin “Hər səhər” verilişində ədəbsiz söz və ifadələr işlətməsi ikilinin nüfuzu zərbə altına düşdü. Buna görə Milli Televiziya və Radio Şurası televiziyanı səkkiz min manat cərimələdi.

Müğənni Rüfət Axundov Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzinin vokal kursunun rəhbəri vəzifəsindən azad edildi. Əməkdar artist Rəşad İlyasovun AzTV və “Mədəniyyət” telekanalında yayımlanan “Yaradanlar və yaşadanlar” proqramı isə bağlandı.

Hətta hər iki sənətçiyə bir müddətlik efir qadağası tətbiq edildi. İş o yerə çatdı ki, hər iki sənətçinin həbsi tələb edildi. Lakin, məhkəmənin çıxardığı qərara əsasən, R.İlyasov və R.Axundova qarşı xüsusi ittiham qaydasında verilmiş şikayət əsassız olduğundan məhkəmə tərəfindən rədd edildi.

Hamının həsəd apardığı, Azərbaycanın məşhur ailəsi hamının gözü önündə pərən-pərən olub, dağıldı. Söhbət məşhur prodüsserlər Anar və Elnurə Mədətovlardan gedir. Ölkədə ən çox müzakirə olunan mövzulardan biri Mədətovlar ailəsi oldu. Anar rəsmi qaydada boşanmasa da, tanınmış vizajist Samirə adlı xanımla nişanlandı.

Elnurə və Anarın ayrılması övladlarını da sarsıtdı. Keçmiş cütlüyün futbolçu oğlu Mahir Mədətov daha sonra isə qızı Ayişə Mədətova soyadından imtina edib, anasının “Əmrəli” soyadına götürüblər.

Başını qara buludlar alan Mədətovlar ailəsinə daha bir zərbə isə evlərində baş verən “oğurluq” hadisəsi oldu. Oğurluq nəticəsində məşhur futbolçu Mahir Emrelinin Sulutəpə qəsəbəsində yaşadığı evdən 20 min dollar, 17 min manat, üç mobil telefon və beş min manatlıq qızıl əşyaları oğurlandı.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir