Bu il Azərbaycan Milli Paralimpiya Komitəsinə (MPK) altı mənbədən ümumilikdə 2 291 046,03 manat vəsait daxil olub.

bakmiltv.info-nın xəbərinə görə, bunlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondu, Azərbaycan Respublikasının dövlət büdcəsi, komitənin tərəfdaşları və “IBSA Judo Grand Prix Baku 2019” yarışından daxil olan vəsaitlərdir. Paracüdo üzrə Qran-Pridən komitəyə 359 091,94 AZN vəsait daxil olub.

Qeyd olunan maliyyə vəsaitləri isə əsasən beynəlxalq yarışlarda iştirak, daxili yarışların təşkili, təlim-məşq toplantıları, aviabiletlərin, dərman vasitələrinin alınması, tədbirlərin təşkili, uşaq paralimpiya hərəkatının inkişafı, komitənin ofisinin saxlanma xərcləri və “Tokio 2020”yə ilkin hazırlıq istiqamətində xərclənib.

Belə ki, cüdo idman növünə 134 464 manat, atletikaya 281 953 manat, pauerliftinqə 105 934 manat, güllə atıcılığına 71 098 manat, üzgüçülüyə 86 172 manat, kamandan oxatmaya 66 148 manat, taekvondoya 27 157 manat, velosiped idmanına 7 212 manat, boççia idman növünə 19 980 manat, qılıncoynatmaya 6 143 manat, qış idman növlərinə 12 091 manat, əlil arabasında idman rəqsinə 16 223 manat, uşaq paralimpiya hərəkatına 78 407 manat xərclənib.

2019-cu il ərzində paralimpiyaçılar beynəlxalq yarışlarda 17 qızıl, 23 gümüş və 25 bürünc olmaqla ümumilikdə 65 medal qazanıb.

İndiyədək “Tokio 2020”yə yeddi lisenziya qazanılıb. Bu lisenziyalar güllə atıcılığı, atletika, üzgüçülük və pauerliftinq idman növləri üzrədir. MPK “Tokio 2020” Yay Paralimpiya Oyunlarında Azərbaycanın yeddi idman növü üzrə 32 idmançı ilə təmsil olunacağını proqnozlaşdırır. Rio Paralimpiya Oyunlarında bu rəqəm 24 olub.

Növbəti ildən etibarən ölkəmizdə əlilliyi olan şəxslərin bacarıq yarışlarının keçirilməsi istiqamətində işlər həyata keçiriləcək. Fiziki məhdudiyyətli şəxslərin bacarıq yarışları beynəlxalq səviyyədə “Abilinpiks” olaraq tanınır. Bu istiqamətdə mütəmadi olaraq yarışlar keçirilir. Növbəti Abilimpiks yarışları Rusiyanın paytaxtı Moskvada baş tutacaq. Azərbaycan da bu ildən etibarən Abilimpiks hərəkatına qoşulmağı planlaşdırır.

2020-ci ildə VI Uşaq Paralimpiya Oyunlarının keçirilməsi nəzərdə tutulur. Əvvəlki illərdən fərqli olaraq, 2020-ci ildə Uşaq Paralimpiya Oyunlarının beynəlxalq müstəviyə çıxarılması nəzərdə tutulur. Bu istiqamətdə Rusiya, Moldova, Belarus, BƏƏ, Gürcüstan və Türkiyə ilə danışıqlar aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir